"Şəfa"nın baş məşqçisi Elgiz Kərimli Sportal.az saytına açıqlama verib.
Təcrübə qazanmaq üçün bir həftə “Qarabağ”ın məşqlərində iştirak edən gənc mütəxəssis Ağdam klubunu seçməsindən bəhs edib:
"Məşqçiliyə başlayandan planlaşdırmışdım ki, “Qarabağ”ın düşərgəsinə yollanım. Hətta keçən il də gedə bilərdim, lakin uyğun vaxt axtarırdım ki, həyata keçirdikləri işin hər incəliyini görə bilim. Seçimimin bir neçə səbəbi var idi. Onlar birincisi odur ki, Qurban Qurbanovun rəhbərliyi altında çalışan sistemin içərisində olmaq idi. Bu, mənim üçün həm nəzəri, həm də praktiki cəhətdən çox faydalı ola bilərdi. İkincisi isə, ölkə daxilində də peşəkarlığın mümkün olduğunu özüm görmək və dəyərləndirmək istəyirdim. “Qarabağ"ın uğurları təsadüfi deyil. Bu klubun daxili mədəniyyəti, işə yanaşma tərzi və intizamı mənə göstərdi ki, burada öyrənmək üçün kifayət qədər zəngin material var. Həm də dil və mühit baxımından daha rahat şəkildə müşahidə aparıb, dərindən təhlil edə bildim".
Kərəmli, praktika zamanı Qurban Qurbanovla diskussiyalarının olduğunu da dilə gətirib: "Bəli, praktika müddətində bir çox dəyərli məqamlarla qarşılaşdım. Məşq proseslərini yaxından izləmək, məşqçilər heyətinin iş bölgüsü, hazırlıq mərhələləri və oyun strategiyalarının formalaşması kimi aspektlərdə real təcrübə qazandım. Qurban Qurbanovla və əsasən də köməkçiləri ilə bir neçə dəfə ətraflı söhbətlərimiz oldu. Onlar fikirlərini bölüşməkdə çox açıqdır və daim öyrədən yanaşmaya sahibdirlər. Məşqçilərin detallara verdiyi diqqət və hər şeyi sistemə uyğun şəkildə planlaması mənim üçün xüsusilə diqqətəlayiq idi. Fürsətdən istifadə edib onların hər birinə bir daha təşəkkürümu bildirirəm. Bu praktika həm nəzəri biliklərimin üzərinə real həyat təcrübəsi əlavə etdi, həm də məni növbəti mərhələlərə daha hazır hala gətirdi".
Mirbağırağa