Zaur Axundov sərtliyi, tələbkarlığı ilə tanınan adamdı. Bu da onun təbiətindən irəli gəlir. Harada olursa, nəticə tələbi qoyur birlikdə işlədiyi insanların qarşısında. Futzalda da belə olub, "Keşlə"də də, hal-hazırda "Araz-Naxçıvan"da da belədir.
Muxtar Respublikanı təmsil edən klub onun rəhbərliyi altında ilk mövsümündə bürünc medal qazanıb, avrokuboklara vəsiqə əldə edib. Zaur Axundov klubun birbaşa rəhbəri olmasa da, Naxçıvan Futbol Federasiyasının prezidenti kimi bu məsuliyyəti öz üzərinə götürüb.
Yay transfer pəncərəsinin ən fəalı "Araz-Naxçıvan"dı. Bir-birinin ardınca yeni keçidlər rəsmiləşir. Klubun gündəmi zəbt eləyən transferi Patrik Andrade ilə anlaşma oldu. "Qarabağ"dan ayrılan futbolçunun "Neffçi"yə keçəcəyi gözlənilsə də, ölkəmizdə kifayət qədər tanınmış futbolçu seçimini "Araz-Naxçıvan"dan yana etdi.
Patrik Andradenin transferi klubun iddialarından xəbər verir. Rəhbərlik avrokuboklarda Elmar Baxşıyevin komandasından uğurlu çıxış gözləyir.
Bir tərəfdən Zaur Axundovun tələbkarlığını qeyd ediriksə, digər tərəfdən iş adamının tələb qoymaqla yanaşı, məşqçinin uğurlu olması üçün şərait yaratdığını da deməliyik. Yəni, Zaur müəllimin dilinə görə dilçəyi də var. Şərait yaradır, yaratdığı şəraitə uyğun da nəticə tələb edir.
"Araz-Naxçıvan"la bağlı yeganə sıxıntı klubun oyunlarını hələ də Naxçıvanda keçirə bilməməsi ilə bağlıdır. Muxtar Respublika rəhbərliyi stadionla bağlı işləri tamamlayandan sonra Premyer Liqada daha iddialı, doğma publika önündə daha yaxşı çıxış eləyən "Araz-Naxçıvan" görəcəyik.
Həmid
saytlarin hazirlanmasi