Azərbaycan milli komandasının sabiq futbolçusu Füzuli Məmmədov Sportal.az saytına müsahibə verib.
- Azərbaycan milli komandası İslandiya ilə qarşılaşacaq. Bu tsiklə 0:5 uduzduğumuz rəqiblə Bakıdakı görüşdən nə gözləyirsən?
- Milli komandamız Reykyavikdə acınacaqlı məğlubiyyət almışdı. Bu matç rəqib üçün çox önəmlidir. Çünki mütləq qalib gəlməlidir ki, Ukrayna ilə görüşdə şansları olsun və o matça final oyunu kimi çıxsınlar. Ayxan Abbasovun gəlişindən sonrakı oyunları nəzərə alsaq, millimizdə əməlli-başlı yüksəliş var. Yüksəliş nədir, deyim. Plan, sxem, futbolçuların əzmkarlığı, meydanda döyüşkənliyi. Bu da ümid verir ki, millimizin uğurlu çıxışına inanım. Ümid edirəm ki,doğma azarkeşlər önündə millimiz uğurlu çıxış edəcək, islandlara uduzmayacaq. İlk dəqiqələrdə kobud səhvlər olmasa, rəqib qol vura bilməsə, millimiz islandları əks-hücumlarda tutub, cəzalandıra, hətta qalib gələ bilər.
- Şahruddin Məhəmmədəliyev, Mahir Emreli, Elvin Cəfərquliyev olmayacaq. Millinin hazırkı heyəti haqda hansı fikirdəsən? Onların yoxluğu təsir edə bilər?
- Tam səmimi deyim, üçü də millimiz üçün çox önəmli oyunçulardır. İstər-istəməz təsiri olacaq. Çünki təcrübəli oyunçulardır. Onların olmaması bizi məyus edir. Ayxan müəllimin mətbuat konfransında dediklərini də oxudum. Dedi ki, bu, istər-istəməz bir balaca problem yaradacaq. Amma artıq azərbaycanlı futbolçular haqda çox məlumatlı məşqçidir. Düşünürəm ki, çalışacaq bunların öhdəsindən gəlsin. Son matçlarda Səlahət Ağayevin da performansı göstərir ki, yaxşı durumdadır. Ayxan müəllim çatışmazlığı aradan qaldırmağı bacaracaq.
- Milli komandaya yeni dəvət edilən Rüfət Abdullazadənin İslandiya və ya Fransa görüşündə şans veriləcəyini düşünürsən? Elə Mahir Emrelinin mövqeyindədir...
- Əgər Ayxan müəllim onu milliyə dəvət edibsə, demək ki, futbolçu yaxşı formadadır. Mahir Emreli də, Musa Qurbanlı da yoxdur. Milliyə dəvət olunubsa, demək ki, hər bir futbolçunun oynamaq şansı var. Rüfət yaxşı futbolçudur, bəyəndiyim oyunçulardandır. Hər dəqiqə hazır olmalıdır. Şans verilərsə, öz performansı ilə komandasına dəstək olmalıdır.
- Ayxan Abbasovun rəhbərliyi altında geridə qalan 3 görüşdə milli komandamızın oyununda və ya hansısa detallarda proqress olduğunu düşünürsən? İslandiya və Fransa görüşlərindən ümumilikdə neçə xal və ya ümumiyyətlə, xal götürməyimiz realdırmı?
- Ayxan müəllimin gəlişindən sonra milli komandada dəyişiklik hiss olunur. O, komandanın gücünü düzgün bölür. Rəqibləri təhlil etdikdən sonra oyun planı seçir və o plana uyğun da futbolçular meydanda performana göstərir. Oyunçular indi meydanda daha istəkli, daha döyüşkəndilər. Hər top uğrunda mübarizə aparırlar. Bu da azərbaycanlı məşqçinin azərbaycanlı futbolçulara yanaşması, onları daha yaxşı tanımasından irəli gələn keyfiyyətdir. Əlbəttə ki, dəyişiklik aşkar hiss olubur. Ümid edirəm ki, komandamız bu oyunda qalib gələcək.
- Yəqin ki, Ayxan Abbasovun rəhbərliyi altında millinin qarşısına qoyulacaq əsas hədəf Millətlər Liqasında D divizionundan C divizionuna çıxarmaq olacaq? Hazırkı heyət bunu etməyə yetərlidir?
- Tam səmimi deyim ki, Ayxan müəllimin qarşısına hansı hədəfin qoyulması ilə bağlı məlumatım yoxdur. Amma ümid edirəm ki, qarşıdakı matçlarda millimiz daha yaxşı oyunlar sərgiləyəcək. Millimizə uğurlar arzulayıram.
Mirbağırağa
saytlarin hazirlanmasi
