Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov "Report"un suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis yığmanın DÇ-2026-nın seçmə mərhələsindəki çıxışından və digər məsələlərdən danışıb.
- Azərbaycan millisi rəhbərliyiniz altında 5 oyun keçirib. Ümumi götürsək, yığmanın seçmə mərhələdəki çıxışını necə dəyərləndirirsiniz?
- Bu qrupdakı rəqiblərimizin gücü bəlli idi. Ağır məğlubiyyətdən sonra komandaya getmişdik. Ukrayna ilə ilk matçda xal qazandıq. Ondan sonrakı oyunlarda da xal qazanmaq şansımız oldu. Ukrayna ilə səfər görüşündə də yaxşı nəticəyə nail ola bilərdik. Digər rəqiblərə də diqqət yetirməliyik. İki dəfə Fransa ilə üz-üzə gəlmişik. İslandiya evində bizə 5:0 hesabı ilə qalib gəlmişdi. Buna baxmayaraq, Bakıda onlara qalib gəlmək istəyirdik. Buna da inanırdıq.
- Birinci oyunla müqayisədə komandada inkişafın olduğunu görürsünüz?
- Futbolçularda inam artıb. Bakıda Fransa ilə qarşılaşmada da bunu gördük. Oyunçular xal qazanmağa inanırdılar. İlk növbədə inamı, istəyi qaytardıq. Nəticə birdən-birə olmur. Amma düşünürəm ki, 5 matçın hamısında əzmkarlıqları bizi qane etdi. Oyundan-oyuna komandada fərq də var, inkişaf gedir. Burada əsas o vacibdir ki, futbolçular ideal formalarında olmalıdırlar. Bu gün təəssüf ki, oyunçularımız tam ideal formada deyillər. Bunun da səbəbləri bəllidir.
- Seçmə mərhələdən sonra AFFA rəhbərliyi ilə hesabat xarakterli görüş planlaşdırılır?
- Biz hər oyundan sonra federasiya rəhbərliyi ilə görüşürük, danışırıq və fikir mübadiləsi aparırıq.
- Yəqin ki, baş məşqçi təyin olunanda çətinlik çəkdiyiniz ilk məqam heyət seçimi ilə bağlı idi. Bəzi oyunçuların klublarında az forma şansı əldə etməsi sizi də narahat edir?
- Əlbəttə. Hamıya bəllidir ki, bu gün az meydana çıxan futbolçular ideal formada olmayacaq. Amma bu oyunçuların potensialları var. Həmin futbolçular bu gün Azərbaycanda öz mövqelərinə görə ən yaxşılardır. Bunları da itirə bilmərik. Əslində bu, uzun mövzudur. Biz məşqçilər üçün də matçlarda seçim etmək çətin idi. Son qarşılaşmalarda bəzi futbolçuların zədəli olmaları da oyunlara təsir etdi.
- Milli komandada qalsanız, uzun müddətli bir layihə üçün az da olsa, yerli futbolçularla bağlı hansısa limiti AFFA-ya təklif edə bilərsiniz?
- Burada yeganə məsələ legioner limiti deyil. Bir sıra mövzular var. Milli komandanın yaxşı olması üçün çox layihələr lazımdır. Aşağı yaş qruplarındakı milliləri də yaxşı səviyyəyə gətirməliyik. İnşallah, təkliflərimiz olacaq.
- Beş qarşılaşmada heyətə dəvət etmədiyiniz, lakin davamlı şəkildə izlədiyiniz futbolçular varmı? Məsələn, Rusiya "Dinamo"sunda çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayevin adı yığmamızla yanaşı hallanırdı.
- Bütün azərbaycanlı futbolçuların millidə çıxış etmək şansı var. Yığmanın qapısı hər kəsin üzünə açıq olacaq. Ülvi Babayev isə artıq öz seçimini edib. Məncə, bundan sonra bu barədə danışmağa dəyməz.
- U-21 millisinin Cəbəllütariqə qalib gəldiyi (1:0) Avropa çempionatının seçmə mərhələ oyununu stadiondan izləmisiniz. Növbəti toplanışlar üçün həmin yığmadan seçdiyiniz oyunçular var?
- Bu komandanı daim izləyəcəyik. Həmçinin sıx əlaqələrimizin olmasını istəyirik. Həmin futbolçuları daim nəzarətdə saxlamaq niyyətindəyik. Rüfət Abbasov və Xəyal Əliyev əsas milliyə də dəvət alıblar. Digərləri də yığmaya çağırıla bilərlər.
- Martda milli komandalarla bağlı çempionatda fasilə olacaq. Yoldaşlıq oyunları planda varmı?
- Bəli. Həmin tarixdə yoldaşlıq matçları keçirəcəyik. Oyunlar FIFA-nın təyin etdiyi tarixlərdə baş tutacaq. Amma hələlik rəqiblər bəlli deyil.
saytlarin hazirlanmasi
