Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın seçmə mərhələsinin pley-offuna tam hazırlaşmaq üçün mart ayında A Seriyasının müvəqqəti dayandırılmasını istəyir.
Sportal.az xəbər verir ki, mütəxəssis bununla bağlı İtaliya Futbol Federasiyasına müraciət edib. Montella açıqlamasında bildirib ki, yığmanın 3 futbolçusu İtaliyada çıxış edir:
“Mart ayında A Seriyasının dayandırılması üçün İtaliya Futbol Federasiyasına rəsmi şəkildə müraciət etmişəm. Əgər bu baş tutsa, çox sevinərəm. Çünki İtaliyada üç futbolçum var. Beləliklə, pley-offa daha yaxşı hazırlaşa bilərik. İtaliya yığmasının baş məşqçisi Cennaro Qattuzo da bundan məmnun olardı”.
Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsinin pley-offunda C yoluna düşüb. Montellanın rəhbərlik etdiyi kollektiv yarımfinalda Rumıniya ilə qarşılaşacaq. "Ay-ulduzlular" finala yüksəlsə, Slovakiya/Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun yarımfinal oyunları martın 26-da, final qarşılaşmaları isə 31 mart tarixində keçiriləcək.
saytlarin hazirlanmasi
