"Araz-Naxçıvan"ın legioneri Afrika Millətlər Kubokunda oynamayacaq – FİFA-dan cavab gözləyirlər 

14:22 - 16 Dekabr 2025

"Araz-Naxçıvan"ın legioneri Felipe Santos Benin milli komandasının düşərgəsinə yollanmayacaq.

Sportal.az saytına verilən məlumata görə, buna səbəb onun zədəli olması ilə bağlı deyil. 

Məsələ burasındadır ki, Benin Futbol Federasiyası milliyə yeni cəlb etdikləri Santosun sənədlərini FİFA-ya göndərsə də, ali qurumdan hələ ki cavab gəlməyib. Buna görə də, Felipenin Benin yığmasının heyətində Afrika Millətlər Kubokunda meydana çıxması reallaşmayacaq. Santos da, "Araz-Naxçıvan"ın düşərgəsini tərk etməyəcək.

29 yaşlı futbolçu özü saytımıza açıqlamasında bunları deyib: “Bir sənəd çatışmadığı üçün milliyə gedə bilməyəcəm. Beninlə olan sənədlərimin hamısı düzgündür, ərizəmi FİFA-ya göndəriblər, bunun üçün icazə lazımdır, amma FİFA hələ mənə bu icazəni verməyib. Ona görə də gedib milli komandaya kömək edə bilmərəm".

Dekabrın 21-də start götürəcək Afrika Millətlər Kuboku 2026-cı il yanvarın 18-də başa çatacaq. Benin millisi Mərakeşdə keçiriləcək turnirdə Seneqal, Konqo DR və Botsvana ilə qarşılaşacaq. Qeyd edək ki, "Sumqayıt"ın futbolçusu Abdulraşid Mumini Benin millisinin heyətində yer alacaq.

Mirbağırağa

Xəbər xətti