"Legioner həyatı yaşayırsansa, yerlilərdən və başqalarından 2-3 qat daha yaxşı olmalısan" - ABŞ-də klub prezidenti olan həmyerlimiz Nəriman Axundzadə haqda

13:22 - 3 Mart 2026

Azərbaycan millisinin sabiq üzvü, hazırda Nyu-Yorkun "Bridge View"(ABŞ) futbol akademiyasının prezidenti və baş məşqçisi olan Elşən Qəmbərov Nəriman Axundzadənin "Kolambus Kryu" klubuna keçidini şərh edib.

Sportal.az saytına açıqlama verən Qəmbərov,  millimizin forvardının karyerasının ABŞ-də uğurlu olub-olmayacağını müzakirə edib: 

"Nərimanı bu keçidə görə təbrik edir, ona uğurlar arzulayıram, gənc futbolçudur. Adaptasiya prosesini daha tez keçmək üçün dili bilməlisən. MLS futbolunda vacib məsələ fiziki futboldur. Leonel Messi, Luis Suarez gələndən sonra bir az texnika da dəyişdi, Latın Amerika futbolunun texnikasına daha çox fikir verdilər. Nərimandan çox şey asılıdır. Adaptasiya keçmək üçün gərək komandada istiqanlı insan da olasan, insanlarla yaxşı davransan, filan. Bu cür məsələlər var. Biz də azərbaycanlılar digərlərinə də can yandıranıq, bu mənada Nəriman üçün problem olmaz. Mən özüm də oradayam, nə lazım olsa, Nərimana hər zaman kömək etməyə, dəstək olmağa hazıram".

Qəmbərovun fikrincə, "Qarabağ" və "Kolambus Kryu" fərqli sitemlərdə oynayır: "MLS çempionatını hansı liqaya bənzətmək olar? Niderland, Belçika çempionatına, orada fiziki məsələlərə daha çox fikir verirlər. Allah qoysa, yaxşı olar. Nərimanın özündən və baş məşqçidən də çox şey asılıdır. Çünki "Qarabağ"da başqa sistem idi, ola bilsin ki, "Kolambus Kryu"da başqa olsun. Özüm legioner həyatı çox yaşamışam, gərək formanı qazanasan. Bu olmasa, mümkün deyil. Legioner həyatı yaşayırsansa, yerlilərdən və ümumiyyətlə, başqalarından daha 2-3 qat daha yaxşı olmalısan".

Mirbağırağa
 

Xəbər xətti