"Azərbaycan millisində oynamaq istəyərdim, mənim üçün şərəf olardı" - "Sampdoriya"nın forvardı

14:51 - 5 Mart 2026

Bir neçə gün öncə İtaliyanın "Sampdoriya" klubu ilə peşəkar müqavilə bağlayan gənc hücumçu Lorenzo Metsotero karyerasını İtaliyada davam etdirəcəyi dəqiqləşsə də, onun hansı ölkənin millisinin formasını geyinəcəyi hələ bəlli deyil.

“Neftçi”nin yetirməsi olan və bu klubda 3 il forma geyinən italiyalı Sportal.az saytına müsahibə verib. O, hazırkı durumundan bəhs edib: "İtaliyada bütün işlərim möhtəşəm gedir. "Sampdoriya"da özümü çox xoşbəxt hiss edirəm. Qollarımı vururam, futboldan, oyunlarımdan da həzz alıram. Məşqlərimə və oyunlarıma fokuslanmışam. Əlbəttə, "Sampdoriya"nın əsas komandasında məşq etmişəm. Bu, ötən ay baş vermişdi. İki həftə əsas komandada məşqləri yerinə yetirdim. Təbii ki, zaman-zaman yenə məni əsas komandanın məşqlərinə dəvət edirlər. İtaliya A Seriyasında oynamağı çox istəyirəm. Arzularıma çatmaq üçün hər gün çox çalışıram. Həmin anın reallaşacağına da çox inanıram".

Lorenzo "Neftçi"dəki vaxtlarını da xatırlayıb: "O vaxtlar "Neftçi" oynamaq istədiyim komanda idi. Həmin vaxtı “Neftçi”yə çox heyran idim. Təbii ki, hələ də heyranam. Klubda 3 möhtəşəm il keçirmişdim və “Neftçi”də oynadığım üçün şərəf duyuram, onları həmişə ürəyimdə yaşayacam. "Neftçi"nin əsas komandasının oyununu indi də izləyirəm. “Qarabağ”ın da Avropada çox yaxşı çıxış etdiyini görürəm".

Əslən İtaliyadan olan futbolçu valideynlərinin ölkəmizi tərk etməsi səbəbindən "Neftçi"dəki karyerası da yarımçıq qalıb. O, Azərbaycanı sevdiyini və AFFA-dan onu milliləşdirmək təklifi gələcəyi təqdirdə, qəbul edə biləcəyini də gizlətməyib: "Azərbaycan millisində oynamaq istəyərdim. Bu, mənim üçün şərəf və unudulmaz olardı. Uşaqlıqda orada oynamışam, dostlarım var, Azərbaycanı sevirəm. Düşünürəm ki, bu, çox realdır və baş verə biləcək məsələdir. Özümü Azərbaycan millisində oynamağa hazır hiss edirəm. Dediyim kimi, həm Azərbaycan, həm də İtaliya millisində oynamaq mənim üçün şərəfdir. Əminəm ki, millidə oynamaq şərəfinə nail olacam. Amma açığı indi çox çalışıb qol vurmağı düşünürəm. Onda hər şey öz-özünə yoluna düşəcək".

Mirbağırağa

Xəbər xətti