"Hakim də iki dəfə yüz faizlik penaltimizi vermədi" - Aqil Nəbiyev

15:39 - 28 Mart 2026

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçirilən ilk iki oyunla bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib:

“Bolqarıstanla birinci oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük “silahı” standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı qol imkanları əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problemimiz son ötürmələr və zərbələrdədir. Bu problemi Litvaya qarşı keçirilən ikinci matçda da yaşadıq. Başdan sonra qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də iki dəfə yüz faizlik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur”.

Aqil Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı da danışıb: “Əsas odur ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxırlar. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəfimiz Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdır. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik”.

Qeyd edək ki, B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz 2 xalla üçüncü pillədə qərarlaşır.

Xəbər xətti