"Qarabağ"ın hansı sabiq forvardı Toral Bayramov və Zamiq Əliyevi bu kluba qazandırıb? - ABŞ-dəki futbolçumuzu Ağdam klubunda qalmağa razı salıb

23:59 - 25 May 2026

Azərbaycan milli komandasının futbolçuları - Toral Bayramov, Zamiq Əliyev və Nəriman Axundzadə ilə bağlı çox maraqlı fakt üzə çıxıb.

Sportal.az xəbər verir ki, sən demə, Toral və Zamiq Ağdam klubunda yox, "Neftçi"də oynaya bilərmiş. Nəriman Axundzadənin isə "Qarabağ"dan qovulması an məsələsi olub.

Əvvəlcə Nəriman haqda - Əldə etdiyimiz dəqiq informasiyaya görə, "Qarabağ" akademiyasının o vaxtkı koordinatoru Tacəddin Doğan "uşaq müqaviləsi" (AFFA müqaviləsi) bağlamaq istəmədiyi üçün Nərimanı birmənalı şəkildə klubdan göndərmək tapşırığı verib.

Cənublu vingerin atası klubun oğlu ilə peşəkar anlaşma imzalamasını istəyib.

Türkiyəli mütəxəssis hətta məsələ ilə bağlı U-19-un baş məşqçisi Samir Musayev və həmin dövrdə "atlılar"ın əvəzedici komandasının baş məşqçisi olmuş Cavad Rzayevlə mübahisə edib, aralarında ciddi gərginlik yaşanıb.

Akademiya rəhbərinin təkid və israrına baxmayaraq, Samir Musayev çox çətinliklə Nərimanın klubda qalmasına müvəffəq olub. Qısa zamanda əvəzedici komandaya keçirilən Axundzadə ilə peşəkar müqavilə bağlanıb.

Beləcə, son illərdə məşhurlaşan və yolu ABŞ-yə qədər uzanan istedadlı hücumçunun uğurlu "Qarabağ" karyerası başlayıb.

Toral və Zamiqə gəlincə, hər ikisi ilə bağlı da çox ilginc fakt öyrənmişik.

Bu futbolçular da 15 yaşı olanda Sumqayıtda - məhz Samir Musayevin seleksiyası ilə kəşf edilib.

Həmin vaxt U-16 Azərbaycan millisinin baş məşqçisi Mirbağır İsayev istedadlı uşaqların üzə çıxarılması və heyətə seçilməsi üçün Sumqayıtda turnir təşkil edib.

"Qarabağ"ın U-15 komandası da həmin turnirə qatıldığı üçün Musayev orada olub, istedadlı uşaqları izləyib.

Cənub bölgəsini təmsil edən komandanın heyətində "İnter"ə qarşı meydana çıxan Toral və Zamiq Samir Musayevin diqqətini çəkib.

Mütəxəssis Mirbağır İsayevə bu uşaqları götürmək istədiyini bildirdikdə müsbət reaksiya alıb. O, istedadlı uşaqların məşqçiləri - Röyal və Xəyal Abbasov qardaşları ilə danışaraq razılıq alıb və futbolçulara "Qarabağ" adından müqavilə təklif edib.

Bu ərəfədə "Neftçi"nin də məşqçilərindən kimsə adıçəkilən futbolçuları görərək çox bəyənib və birbaşa müqavilə bağlamağa çağırıb.

Ardıcıl təkliflərdən çaşbaş qalan Toral və Zamiqin valideynləri "ağ-qaralara" da "ok" veriblər.

Qısası, yeniyetmələr "Qarabağ"ın məşqçiləri ilə razılaşdırılmış vaxtda "Neftçi"nin 8 Noyabr prospektindəki bazasında olublar.

Futbolçuların valideynləri son anda qərarlarını qətiləşdirərək geri qayıdıblar və söz verdikləri kimi, Ağdam klubu ilə müqaviləyə qol çəkiblər.

Beləliklə, Toral Bayramov və Zamiq Əliyev də "Qarabağ" akademiyasında böyümək, inkişaf etmək və yetişmək imkanı qazanıblar.

Nəriman Axundzadə bu ilin qışında ABŞ-nin MLS klubu "Kolumbus Kryu" ilə müqavilə bağlayıb, Zamiq Əliyev artıq iki ildir Albaniyanın Superliqa təmsilçisi "Eqnatia"nın əsas müdafiəçilərindən biridir.

"Qarabağ"ın əsas heyətində parlayaraq məşhurlaşan Toral Bayramov isə bu gün Türkiyənin köklü klublarından "Bursaspor"la müqavilə bağlayıb. Əlavə edək ki, Samir Musayev Ağdam klubunun sabiq forvardıdır və bu komandanın heyətində 2003/2004 mövsümündə Premyer Liqanın bombardiri olub.  

Mediasport.com.az

Xəbər xətti