"Şəfa"nın niderlandlı yarımmüdafiəçisi Dilan Mertens Sportal.az saytına müsahibə verib.
- "Şəfa" son turda "İmişli"yə 0:1 hesabı ilə uduzdu. Səncə, bu matçdakı məğlubiyyət nə ilə bağlı idi? Rəqibdən zəif oynadınız?
- Dəqiq olan odur ki, biz rəqibdən 100 faiz zəif deyildik. Sadəcə olaraq, qol epizodlarımızı vura bilmədik. “İmişli” isə qol epizodundan istifadə etdi. Ona görə də sonda bu cür nəticə qeydə alındı.
- “Qəbələ”ni səfərdə məğlub etmişdiniz və çoxları düşünürdü ki, “Şəfa” bundan sonra daha da uğurlu çıxış edə biləcək. “Qəbələ”yə qalib gəldikdən sonra özünəinam yüksəlmişdi?
- Əlbəttə ki, qələbə komandaya özünəinam qazandırır. Amma uduzsaq da, qazansaq da, mən özümə həmişə güvənirəm.
- Azərbaycan Premyer Liqasında artıq 3 turda meydana çıxmısınız. Gördüklərinizdən sizin üçün maraqlı, təəccüblü və pozitiv məqamlar hansı olub?
- Məni həqiqətən təəccübləndirən heç nə yox idi. Sadəcə, daha çox birəbir mübarizələr gözləyirdim. Amma məni müsbət mənada təəccübləndirən odur ki, istənilən komandaya qarşı yaxşı futbol oynaya və qalib gələ bilərik. Əsas odur ki, biz bunu meydanda etməliyik.
- “Şəfa” növbəti turda “Neftçi” önünə çıxacaq. “Neftçi” bu mövsüm 90 illiyini qeyd edir və onlar çempionluq üçün oynayır. Son turda isə “Zirə”yə uduzublar. Bu görüşdə qələbə qazanmaq mümkündür?
- Əlbəttə ki, biz bu turnirdə istənilən komandanı məğlub edə bilərik. Amma əslində məsələ onu nə qədər istəməyinizdən gedir. Biz onu “Neftçi”dən daha çox istədiyimizi göstərməliyik.
- Maraqlıdır, “Şəfa”dan əvvəl Azərbaycanın hansısa klubundan təklif almışdınız?
- Bəli, mən “Şəfa”dan əvvəl Azərbaycanın başqa klubundan təklif almışdım. Amma klubun adını çəkməyəcəyəm, etik olmaz. Üstəlik, indi bunun mənası yoxdur. Hazırda bütün diqqətimi “Şəfa”ya yönəltmişəm.
- Əvvəllər Azərbaycan futbolu ilə bağlı məlumatınız olub?
- Mən Azərbaycan futbolunu sadəcə bu liqada oynamış və tanıdığım oyunçular vasitəsilə tanıyıram. Ona görə də, bəli, onlar mənə Azərbaycan futbolu və ölkə haqqında bir neçə məlumat vermişdilər.
- Azərbaycanda əsas hədəfiniz nədən ibarətdir? “Şəfa” ilə uğurlar qazanmaq, yoxsa bu klubdan tramplin kimi istifadə edərək, “Qarabağ”, “Sabah”, “Neftçi” kimi komandalara keçmək istəyirsiniz?
- “Şəfa” ilə əlimdən gələni etmək və hər kəsi təəccübləndirmək üçün çox çalışıram. Sonra nə olacağını görəcəyik. Əlbəttə ki, şəxsən mən hələ də mümkün olan ən yüksək nəticəni əldə etmək istəyirəm, amma bu mövsüm cəmi 3 oyun keçirmişik. Ona görə də indi yalnız bu görüşlərə fokuslanmışam.
- “Şəfa” hələ ki, öz evində oynamır. Rəqiblərini başqa şəhərdə – Sumqayıtda qəbul edir. “Şəfa”nın öz stadionu da olub. Yenidən ora köçə bilər klub. Bu haqda məlumatlısınız?
- Əlbəttə, öz stadionunda oynamaq yaxşı olardı. Amma gələcəkdə bunun nəticə verib-verməyəcəyini görəcəyik. Şəxsən mən bunun nəticəyə təsir edəcəyini düşünmürəm. İndi onsuz da komandamızın uğurlarına fokuslanmışıq. İstənilən meydançada əlimizdən gələni etməyə çalışırıq.
Mirbağırağa
saytlarin hazirlanmasi
