Yeni baş məşqçi ondan qabaq edilən transferlərə ağız büzdü - səhvləriniz çoxdur

15:56 - 23 Oktyabr 2026

“Qəbələ“ mövsümlərarası fasilədə bir sıra yanlış transfer çalışmaları həyata keçirib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, yeni baş məşqçi Yeton Bekiri komanda ilə yaxından tanış olandan sonra bu qənaətə gəlib.

Sentyabrın 16-dan bəri burada çalışan şimali makedoniyalı hesab edir ki, yayda aparılan seleksiya işi düzgün qurulmayıb və bu, həm gündəlik məşq prosesləri, həm də rəsmi oyunlar zamanı özünü açıq-aşkar göstərir.

Balkanlı mütəxəssis legionerlərdən minimum 3-4-ü ilə yolları ayırmağın qaçılmaz olduğu fikrindədir.

İki il öncə "Şkendiya" ilə Çempionlar Liqasının təsnitfat mərhələsində "Qarabağ"ın qarşısına çıxmış Bekiri qış fasiləsinə kimi bu işləri qaydasına salmağın vacibliyi üzərində dayanıb.

Ötən mövsüm I Liqanın gümüş medalçısı "Mingəçevir"lə pley-off oynayaraq (2:0) Premyer Liqada yerini qoruyan "qırmızı-qaralar" hazırda turnir cədvəlinin auttsayderlər qrupunda yer alıb. Səkkiz turdan sonra 4 xala malik kollektiv 10-ci sırada "lövbər salıb".

"Qəbələ" Bekiri ilə hələlik iki oyun keçirib. Səfərdə "Sumqayıt"a 1:4, evdə "Sabah"a 0:4 hesabıyla uduzublar.

Region təmsilçisi bu yay 8 transfer əməliyyatı həyata keçirib.

Kouya Mabena ("Floriana", Malta), Natan Monzanqo (“Bravo”, Sloveniya), Karim Rossi ("Şamaxı"), Uboçioma Meşak (“Kazintsbartsika”, Macarıstan), Bruno Silva (“Oliveyrense”, Portuqaliya), Artur Motta (icarə, "Beroe", Bolqarıstan), Edson Eduardo ("Vestri", İslandiya) və Rafael Utziqlə (“Ho Çi Minh Siti”, Vyetnam) müqavilə imzalanıb.

Xəbər xətti