"Turan Tovuz" bu mövsüm çempionluğu hədəfləyib. Ehtiram Quliyev ötən mövsüm də komandanın qarşısına bu tapşırığı qoymuşdu. Amma tələbin budəfəki qoyuluşu sanki daha qətidir. Gəl ki, bu oyunla "Turan Tovuz"un çempion olması bir yana qalsın, hətta avrokuboklara vəsiqə qazanacağı inandırıcı görünmür. Ümid yenə standart vəziyyətlərə, minimal hesablı ölüm-zülüm qələbələrə qalıb.
Mətbuatda yayılan məlumatlarda bildirilir ki, rəhbərlik özü də gedişatdan məmnun deyil. Lakin hər şeyə rəğmən, Kurban Berdiyevin istefası müzakirəyə belə çıxarılmayıb. Hərçənd, artıq azarkeşlər də dilə gəlib, ağsaqqal məşqçini istefaya çağırırlar.
Ağlagələn ilk fikir budur ki, Kurban Berdiyevin təzminat tələbi çox böyükdür. Məhz bu məqam klub sahibini tərəddüd içində saxlayır, qəri qərar verməkdən çəkindirir.
Lakin bu mövzu ətrafında məlumatlı mənbələrdən daha bir fikir ortalığa atılıb. İddia olunur ki, Kurban Berdiyevi istefaya göndərmək klub prezidenti Ehtiram Quliyevin səlahiyyətində deyil. Qəribə səslənir, lakin buna tutarlı səbəblər var.
Hər nə qədər yaşlı olsa da, Kurban Berdiyev kimi adlı-sanlı məşqçinin ölkəmizin ortabab klublarından birinə gəlişi təəccüb doğurmuşdu. Hələ o vaxt bu keçidə Rusiyada nüfuz sahibi olan həmyerlilərimizin vasitəçilik etməsinə dair məlumatlar yayılmışdı. Rəsmən açıqlanmasa da, Berdiyevin "Turan Tovuz"da illik 1 milyon manatdan çox maaş alması da səslənən fikirlər arasındaydı.
Bütün bunlardan belə anlaşılır ki, Kurban Berdiyevi istefaya göndərmək üçün Ehtiram Quliyev ilk növbədə bu keçidə vasitəçi olan adamların razılığını almalıdır. Çünki Berdiyev özü getmək fikrində deyil. Razılıq alınandan sonra isə son qəpiyinə qədər təzminat ödənməlidir. Qısası, Ehtiram Quliyev düşdüyü vəziyyətin əsirinə çevrilib.
SPORTAL.AZ
saytlarin hazirlanmasi
