"Bu tura qədər daha yaxşı nəticə gözləyirdik" - "Turan Tovuz"un kapitanı

09:48 - 15 Sentyabr 2026

"Turan Tovuz"un kapitanı Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.

- “Turan Tovuz” “Araz-Naxçıvan”la görüşdə qələbə qazana bilmədi. Bunun səbəbini nədə görürsən? Nəyə görə istədiyiniz nəticəni qazana bilmədiniz?

Bu matça həftə boyu yaxşı hazırlaşmışdıq. Düzdür, qapımızda tez qol gördük, amma toparlana bildik, geridönüş etdik. Ancaq istəmədiyimiz vəziyyətdə qapımızda yenə qol gördük. Sonda da bir xalla kifayətləndik. Bu oyundan nəticə çıxarıb, gələcək oyunlarda daha diqqətli olmağa çalışacağıq.

- Komanda son dəqiqələri bir nəfərlə azlıqda keçirdi. Bu haqda nə demək istəyərdin? Təsiri oldu?

Əlbəttə ki, 10 nəfərlə 11 nəfərə qarşı oynamaq hər zaman çətin olur. Daha çox güc sərf etməli olursan. Bunun da bizə təsiri oldu.

- Qapınıza təyin edilən penalti çox müzakirəyə yol açdı. Həmin penaltini yəqin ki, təkrarını izləmisiz. O epizodu necə şərh edərdin? Səncə, baş hakim dəqiq idi?

Xeyr, fikrimcə o epizodda penalti yox idi. Hakimlik haqda çox danışmağı sevmirəm. 

- "Turan Tovuz" 8 xalla 5-ci pillədə qərarlaşıb. Bu nəticə sizi razı salır, yoxsa gözlənti fərqli idi və ya mövsümün sonunu gözləyirsiz sadəcə?

Əlbəttə ki, hər zaman gözləntilərimizi yüksək tuturuq. Bu tura qədər daha yaxşı nəticə gözləyirdik. Qismət deyək də. İtirdiyimiz xalları başqa matçlarda qazanmağa çalışacağıq.

- Azarkeşlər arasında oyununuza görə narazılıq edənlər də az deyil, daha yaxşı, daha baxımlı futbol sərgiləməyinizi istəyənlər, gözləyənlər var. Bunu etmək alınmır? Yoxsa daha ehtiyatlı oynayırsız deyə, belə olur?

Biz də azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik. Allah qoysa daha yaxşı çalışıb, onları sevindirəcəyik.

- Növbəti turda rəqibiniz "Zirə"dir. Hansı ki, ötən mövsüm onlarla aranızda çox böyük rəqabət var idi. Səncə, onları evdə məğlub edə biləcəksiz? Rəqibin "Zirə" olmasına görə hansısa xüsusi motivasiya var?

Hər matça necə hazırlaşırıqsa, bu oyuna da həmin motivasiya ilə hazırlaşacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ancaq pozitiv düşünürük.

- Səncə komanda bu mövsüm avrokuboklara yollana biləcək? Bu mövsümkü komandanı, heyəti daha güclü hesab edirsən ötən mövsümkündən?

Bunun üçün mübarizə aparırıq. Sona qədər də bu yolda olmağa çalışacağıq. Onu sonda biləcəyik ki, hansı heyət daha güclü idi.

- Ümumiyyətlə, səncə hakimlər sizə qarşıdır oyunlarda? hiss edirsiz onlardan aqressiya?

Bu mövzuda nəsə demək istəmirəm. Biz öz oyunumuza fikir verməliyik. Hər kəsə qarşı mübarizə aparmaq gücünə sahib olmalıyıq.

Mirbağırağa

Xəbər xətti