Litva millisinin baş məşqçisi Edqaras Yankauskas Millətlər Liqasının D2 qrupunda sabah Kaunasda Azərbaycan yığmasına qarşı keçiriləcək 2-ci tur matçı barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Yankauskas mətbuat konfransında bunları qeyd edib:
“Demək olar ki, Lixtenşteynlə oyun bizdən çox böyük güc tələb etmədi. Azərbaycan millisində beynəlxalq təcrübəyə malik, Çempionlar Liqasında çıxış edən futbolçular var. Buna görə də Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq. Düşünürəm ki, həqiqətən yaxşı heyətimiz və güclü ehtiyat oyunçularımız var. Heyətdə dəyişikliklər olacaq, amma bunlar mütləq rəqibin səviyyəsi ilə bağlı deyil.
Valdas Dambrauskasa gəlincə, onun komandası ilə əldə etdiyi tarixi nailiyyətə ürəkdən sevinirik və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azərbaycanda olarkən, düşünürəm ki, görüşmək, fikir və ya məsləhət mübadiləsi aparmaq üçün mütləq vaxt tapacağıq. Ancaq hazırda topladığımız biliklərə və özümüzün hazırladığımız məlumatlara güvənirik. Kifayət qədər məlumatımız var və hazırıq.
Bir neçə gün ərzində komandanı bir neçə fərqli oyuna hazırlamaq mümkün deyil. Biz hər matça ən vacib oyun kimi yanaşırıq. Sonra nə olacağını daha sonra nəzərdən keçirəcəyik. Buna görə də hazırda yalnız bazar günü keçiriləcək matça köklənmişik və bu oyun bizim üçün prioritetdir”.
saytlarin hazirlanmasi
