Premyer Liqanın döyüşkən komandalarından olan "Şamaxı"da diqqət çəkən məqamlardan biri də Ayman Boualinin göstərdiyi performansdır. Mərakeşli futbolçu bu mövsüm Premyer Liqada meydana çıxdığı 9 matçda 2 qol və 5 asistlə yadda qalıb.
26 yaşlı vingerin çıxışı barədə "Şamaxı"nın baş məşqçisi Azər Bağırovun fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Azər Bağırov onunla bağlı bəzi məqamlara toxundu:
"Ayman özünəməxsus xasiyyəti olan futbolçudur. Daim diqqətdə saxlanmasını istəyən biridir, daha çox diqqət istəyən adamdır. Bildiyim qədərilə bizimlə yanaşı başqa kluba da təklif olunub, amma tərəddüd ediblər onu götürməyə.
Sırf futbolçu keyfiyyətlərini götürsək, mənim bəyəndiyim tip oyunçulardandı. Həm çalışqandı, həm də ustalığı var. 26 yaşındadı, öz üzərində işləyir. Məncə, bundan sonra da artıra bilər. Bir şeyi də deyim ki, Ayman sərgilədiyi performansla digər klubların da diqqətini çəkib. Premyer Liqanın böyük klublarında oynayacaq gücdə olan futbolçudur"
Qeyd edək ki, Ayman Bouali 2024/25-ci il mövsümündə "Səbail"də çıxış edib.
saytlarin hazirlanmasi
