"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Rusiyanın "Sport Ekspress" nəşrinə müsahibəsində sabiq baş məşqçi Murad Musayevlə yolların ayrıldığı dövr barədə danışıb.
Sportal.az xəbər verir ki, klub rəhbəri rusiyalı mütəxəssisin öz istəyini ilə postunu tərk etdiyini deyib:
"Ayrılıq ağır oldu. Biz Muradın getməsini istəmirdik, bu, onun öz qərarı idi. Mövsümə uğursuz başladıq. Kubokda böyük hesabla məğlub olduğumuz bir oyundan sonra o, getmək qərarına gəldi. Biz onu fikrindən daşındırmağa çalışdıq. Hətta həmin vaxt ona uzunmüddətli müqavilə təklif etdik. Bildirdik ki, cari mövsümü unudub qarşıdakı illər üçün komanda qurmağa hazırıq. Amma o, təklifimizi qəbul etmədi. Dedi ki, işləri alınmır, əvvəlki mövsümdəki enerji yoxdur.
Biz də onun qərarı ilə razılaşdıq. Muradla münasibətlərimiz artıq peşəkar çərçivədən daha yüksək səviyyədə idi. Halbuki müqavilədə tərəflərdən hər hansı biri müqaviləni pozacağı təqdirdə ödəməli olduğu təzminat məbləği göstərilmişdi. Amma heç kim bunu yada salmadı. Bu məsələ ümumiyyətlə müzakirə olunmadı.
Adıgözəlov Musayevi komandanın oyun üslubuna uyğun olduğu üçün baş məşqçi postuna gətirdiklərini bildirib:
"Bizim ilkin planımız indiki kimi futbol oynamaq idi. Bütün məşqçiləri də nail olmaq istədiyimiz oyun üslubunu nəzərə alaraq seçirdik. Bəzi məşqçilər bunu bacardı, bəziləri isə nəticələrdən asılı olaraq strategiyanı dəyişməyə çalışdı. Belə hallar da olub və biz buna müsbət yanaşmamışıq. Amma belə demək daha doğru olar ki, futbolumuzun əsasını Musayev qoymayıb. Əksinə, biz Muradı məhz belə futbol oynamaq istədiyimiz üçün dəvət etmişdik. O da bu oyun üslubunu komandaya aşıladı".
saytlarin hazirlanmasi
