XI tur klub üçün əlamətdar olacaq
Premyer Liqanın XI turunun “Simurq”la oyunu “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar olacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lənkəranda baş tutacaq görüşdə komandamız tarixində 400-cü rəsmi matçına çıxacaq.
Belə ki, “ağ-yaşıllar” yarandığı 2004-cü ildən indiyədək müxtəlif yarışlarda 399 oyunda qüvvəsini sınayıb. Nəticəsi ləğv olunan və yenidən oynanılan 2 matç nəzərə alınmamaqla, nəticəsi tarixə texniki hesabla düşən 1 matç isə hesaba alınmaqla “Xəzər Lənkəran” 4-cü böyük yubileyin astanasındadı. 10 il ərzində Azərbaycan çempionatı, Azərbaycan kuboku, Superkubok, avrokuboklar və Birlik kubokunda üst-üstə 399 qarşılaşmada azarkeşlər önünə çıxan “ağ-yaşıllar” 198 qələbə qazanıb, 113 heç-heçə edib və 88 dəfə uduzub. 200-cü qələbənin iki addımlığında olan klub penaltilər seriyaları və texniki nəticədəki hesab (3:0) nəzərə alınmamaqla 611 top vurub və 341-ni buraxıb.