Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" öz meydanında "Qarabağ"a məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın futbolçusu Pavel Dreksa jurnalistlərin suallarını cavablandırıb:
- Bizim üçün gözlənilməz nəticə oldu. Bəs sizin üçün neçə, sürpriz olmadı?
-Təbii ki, biz oyunun belə nəticələnəcəyini gözləmirdik. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Oyun başa çatdıqdan sonra “Qarabağ”ın bizdən daha mükəmməl oynadığını və buna görə qələbə qazandığını deyə bilərəm.
- Ruslan Abışov və Namiq Ələsgərovun yoxluğu məğlubiyyətdə rol oynadımı?
- Əlbəttə, Ruslanın və Namiqin yaxşı futbolçular olduğunu bilirik. Amma biz öncədən onların bizə kömək edə bilməyəcəyini bilirdik. Bu 1-2 günün xəbəri deyildi. Biz oyuna Ruslansız hazırlaşmışdıq, onsuz oynayacağımızı bilirdik. Onun əvəzinə meydana çıxan futbolçu da əlindən gələni etdi ki, yaxşı nəticə əldə edək.
- Qış fasiləsindən sonra “Neftçi” “Qarabağ”la heç-heçə etmişdi. Həmin oyunla bu matç arasında hansı fərqi qeyd edə bilərsiniz?
- “Qarabağ” bu gün çox yaxşı oynadı, nəinki qış fasiləsindən sonrakı oyunda. Fərqlərdən biri də bu oyunun kubok çərçivəsində keçirilməsidir. Çempionat və kubok oyunlarında taktiki gedişlər bir az fərqli olur. Ən böyük fərq isə oyunun nəticəsi idi.
- Bu məğlubiyyətdən sonra “Neftçi”nin finala adlamaq şansını nə qədər görürsünüz?
- Təbii ki, şansımız var. Hər şey ola bilər. Düzdü, şansın “Qarabağ” tərəfində olduğunu etiraf etməliyəm. Çünki rəqib bizim meydanda qələbə qazanıb və üstünlük onların tərəfindədir.
- “Qarabağ”ın xidmətinizdə maraqlı olduğu deyilir. Bu məsələyə münasibətiniz necədir?
- Mən Azərbaycan dilində bilmirəm və yazılanları anlamıram. Ona görə də bu haqda heç nə eşitməmişəm. Mənim fikrimcə, bu xəbərlər həqiqəti əks etdirmir, şayiələrdi.
- Avropa Liqasına çıxmağınız üçün dördüncü pilləni tutmalısınız. “Zirə” ilə 4 xallıq fərqi aradan qaldırmaq mümkün olacaqmı?
- Şanslarımız həm çempionatda, həm də kubokda davam edir. Elə etməliyik ki, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanaq. Bu, bizim arzumuzdu.
saytlarin hazirlanmasi