Almaniya Bundesliqa təmsilçisi "Ştutqart" cari mövsüm "Eştoril" klubunda çıxış edən Aylton Silvanı rəsmən transfer edib.
Sportal.az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb. Yeni mövsümdən etibarən Bundesliqada çıxış edəcək komanda 22 yaşlı müdafiəçini ictimaiyyətə təqdim edib. Braziliyalı futbolçu "Ştutqart"la 4 illik müqavilə bağlayıb. Sol cinah müdafiəçisinin transferi "Ştutqart"a 1 milyon avroya başa gəlib.
Qeyd edək ki, Aylton 2015/16 mövsümündə icarə əsasında "Neftçi"də çıxış edib. O, paytaxt klubunda 36 oyun keçirmişdi və 3 qol vurmuşdu. Cinah müdafiəçisi cari mövsüm "Eştoril"in heyətində 22 oyun meydanda olub.
