Millətlər Liqasında sabah Azərbaycan yığması ilə qaşrılaşacaq Monteneqro millisinin üzvü Aleksandar Bolyeviç açıqlama verib.
Sportal.az xəbər verir ki, o, meydana 3 xal üçün çıxacaqlarını söyləyib:
"İlk iki oyunda 6 xal qazanmışıq. Bəlkə də, ən vacib olanı belə start götürmək idi. Bununla kifayətlənə, zəif oynaya bilmərik. Azərbaycanla qarşılaşmada bu iki qələbəni haqq etdiyimizi təsdiqləyə və yeni qazanılacaq üç xalla hədəfimizə yolu asanlaşdıra bilərik. Hələlik rəqibin oyununa baxmamışıq və analiz etməmişik. O vəziyyətdə deyilik ki, kiməsə yuxarıdan aşağı baxaq".
25 yaşlı hücumçu yığmamızla qarşılaşmaya maksimum dərəcədə hazır olmalı olduqlarını söyləyib: "Lüksemburqla qarşılaşmanın ikinci hissəsində fiziki cəhətdən çətinlik çəkirdik. Lakin artıq liqalar start götürüb. Hiss edirəm ki, indi fiziki baxımdan daha hazırlıqlıyıq. Düşünürəm ki, əvvəlki iki matçdan daha yaxşı oyun göstərə bilərik".
Sabah Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.
