"Futbolçular məğlubiyyətin dünyanın sonu demək olduğunu hiss etməlidirlər"

23:34 - 8 Noyabr 2026

“Milan”ın baş məşqçisi Ruben Amorim İtaliya A Seriyasının 11-ci turunda “Cenoa”ya qarşı keçirilən oyunu (2:1) dəyərləndirib.

Sportal.az xəbər verir ki, Amorim öz açıqlamasında bunları qeyd edib:

"Mən bir daha futbolçularımla fəxr edirəm. Oyundan əvvəl onlara dedim ki, ən vacib məsələ rəqabətədavamlı olmaqdır. Çünki hər matçda bu əhval-ruhiyyəni qoruya bilsək, qələbə qazanmaq şansımız xeyli artacaq. Bəzən oyunun gedişatını dəyişir, ikinci toplar uğrunda mübarizə aparır və fərqli futbol üslubu nümayiş etdiririk. Bu, bir matç ərzində oyun tərzini dəyişməyi bacaran güclü komandanın göstəricisidir.

Biz istənilən oyunda qalib gələ bilərik, lakin mövsümün sonunda qarşımıza qoyduğumuz hədəflərə çatacağımıza zəmanət verə bilmərəm. Hələlik bizə sabitlik çatışmır. Yalnız onu deyə bilərəm ki, növbəti matçda qalib gəlmək gücündəyik. Bundan sonrası isə bir çox amildən asılı olacaq.

Bütün futbolçularımızın xidmətindən yararlana bilsək, daha güclü olacağıq. Bu, təkcə A Seriyasına deyil, avrokuboklara da aiddir. Mövsümün bu dövrü ardıcıl baş verən hadisələr səbəbindən bizim üçün çətin keçdi. Amma bir şeyi əminliklə deyə bilərəm: rəqabətədavamlı olsaq, çempionatda istənilən rəqibi məğlub edə bilərik. Buna görə də diqqətimizi bu məsələyə yönəltməli və addım-addım, günbəgün irəliləməliyik.

Məsələnin psixoloji tərəfi də var. “Milan”da oynayırsansa, istirahət günü anlayışı yoxdur. Cümə axşamı Avropa Liqasında başımıza gəldiyi kimi, oyundan qopub bazar günü yenidən mübarizəyə köklənmək olmaz. Bu yanaşma işləməyəcək.

Məsələ fiziki hazırlıqda deyil, məğlubiyyətdən hədsiz dərəcədə qorxmaqdadır. Bu, sadəcə uduzmaq qorxusu olmamalıdır. Futbolçular məğlubiyyətin dünyanın sonu demək olduğunu hiss etməlidirlər. Mən komandamda məhz belə münasibət görmək istəyirəm. Hər şey bundan asılıdır".

Xəbər xətti