"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay açıqlama verib.
Sportal.az xəbər verir ki, o, yerli mətbuata Azərbaycan təmsilçisi ilə qarşıdakı görüşdən danışıb:
"Super Liqadakı rəqiblərimizin əksəriyyəti bizdən üstün durumdadı. Çünki biz üç gündən bir oyunlara çıxırıq. Həm Avropa Liqasında, həm də Super Liqada mübarizə aparırıq.
Növbəti mərhələ şanslarımız davam edir. "Qarabağ" səfərindən qələbə ilə qayıtmaq istəyirik. Bu matçı İstanbulda oynayacağıq. Bizim üçün az da olsa, üstünlük olar. Qazanmaqdan başqa şansımız yoxdu. Mənim yeganə qorxduğum şey zədədi. Bu məsələ ilə bağlı problem yaşamasaq, qrupdan çıxacağıq.
Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar 26 noyabr İstanbulda "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
