Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda “Qarabağ”la qarşılaşacaq "Vilyarreal” itki ilə üzləşib. Sportal.az xəbər verir ki, komandanın hücumçusu Pako Alkaser sıradan çıxıb.
İspaniyalı forvard La Liqanın XII turunda dünən “Elçe” ilə matçda (0:0) zədələnib. Fasilədən sonra meydana daxil olan 27 yaşlı oyunçu 78-ci dəqiqədə əzələsində ağrılar hiss edərək əvəzlənib.
Oyundan sonra baş məşqçi Unay Emeri Alkaserin əvvəlki zədəsinin təzələndiyini deyib. Onun nə vaxt sıraya dönəcəyi hələlik bəlli deyil.
Xatırladaq ki, təcrübəli hücumçu "Qarabağ"la ilk oyunda (3:1) dubl edib.
“Vilyarreal” - “Qarabağ” oyunu dekabrın 10-da keçiriləcək.
