Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində səfərdə Azərbaycan millisini məğlub etdikləri oyundan (2:1) sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis sualları cavablandırıb.
- Azərbaycan milli komandasının güclü tərəfini deyə bilərsiz?
- Bizi çətin oyunun gözlədiyini bilirdik. Dünən dedim ki, oyun həqiqətən çətin olacaq. Azərbaycan yaxşı müdafiə olunur, əks hücumlara çıxır. Hesab 1:1 olandan sonra təhlükəli anlar yaşatdılar. Sonda qələbə qazandıq və 3 xal bizim oldu.
- Müdafidə komandanızdan belə səhvlər gözləyirdiz və Əli Qurbani hesabı açsaydı, necə olacaqdı?
- Həqiqətən, bunu gözləmirdim. Müdafiədə səhvlər oldu. Rəqibə geridönüş etmək üçün şanslar verdik. Buna çox qəzəbləndim. Sonda vəziyyəti öz xeyrimizə dəyişə bildik.
- Oyunda dubl edən Aleksandr Mitroviç Serbiyaya qayıdarkən biznez-klassda olacaq, ya ekonomda?
- O, şəxsi təyyarəyə də layiqdir. Lakin bunun üçün pulumuz yoxdur. O, yaxşı hücumçu olduğunu ilboyu göstərir. O biznes-klassa yox, şəxsi təyyarəyə layiqdir. Buraya ailəmlə yenidən gəlmək fikrim var. Düşünürəm ki, onlar Bakı kimi gözəl şəhəri gördükləri üçün çox məmnun olacaqlar. Sonuncu dəfə 2003-cü ildə burada olmuşam. Həmin vaxtdan çox şey dəyişib.
