Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirinin qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, 13-cü turda ağ fiqurlarla Maksim Vaşe-Laqravla (Fransa) heç-heçə edən rusiyalı Yan Nepomnyaşi xalların sayını 8,5-ə çatdırmaqla turnirin qalibi olub.
Beləliklə, Yan Nepomnyaşi bu il noyabrın 24-dən dekabrın 16-dək Dubayda keçiriləcək şahmat tacı uğrunda yarışda norveçli dünya çempionu Maqnus Karlsenlə mübarizə aparacaq.
Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.
Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində hindistanlı Vişvanatan Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyanın paytaxtı Londonda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.
saytlarin hazirlanmasi
