Ötən mövsüm Azərbaycan birinci divizionunda bombardir adını qazanmış Vidadi Cəfərov Sportal.az saytına açıqlama verib. Qarşıdakı mövsümə “Səbail”də başlayacaq gənc hücumçu yayda ona gələn təkliflərdən danışıb:
"Qarşıdakı mövsümə "Səbail"də başlayacam. Heç bir komanda ilə danışığım olmayıb. Düzdü, söz-söhbətlər var idi, 4-5 klubun məni istədiyini deyirdilər. Amma heç bir klubla danışıq aparmamışam. Bundan sonra necə olacağını bilmirəm. Danışıqlarım olmayıb, nə zaman olacağını zaman göstərəcək".
Hələ ki, zədəli olan forvard yaxın vaxtlarda məşqlərə başlayacağını söyləyib: "Hələ ki, müalicə alıram, fizioterapiyaya gedirəm. Əməliyyat olmamışam, həkimlərin dediyinə görə avqustun əvvəlində məşqlərə başlayacam”.
Ötən mövsüm birinci divizionda bombardir olduqdan sonra bir müddət əvvəl 21 yaşlılardan ibarət yığma komandamızın və əsas millimizin təlim-məşq toplanışına dəvət olunan 21 yaşlı futbolçu yenidən milliyə dəvət olunmaq istəyir: "Müalicəm bitdikdən sonra klubumla məşqlərə başlayacam. Əvvəlki formama qayıtdıqdan sonra daha yaxşı işlər görməyi planlaşdırıram.
“Səbail”də şans alıb-almamağım Aftandil Hacıyevin verəcəyi qərardı. Bu haqda heç nə deyə bilmərəm. Şans düşəndə də yaxşı istifadə edəcəm. Bu mövsüm Premyer Liqada iz qoyacağıma inanıram”.
saytlarin hazirlanmasi
