"Premyer Liqa klubundan divizion komandasına keçmək istər-istəməz geriyə addımdı"

16:00 - 27 İyul 2021

"Artıq "Samtrediya"dan ayrılmışam. O haqda çox danışmaq istəmirəm. Onlara uğurlar arzu edirəm".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında İbrahim Qədirzadə deyib. 

 

Mövsümə gürcü klubunda başlamış azərbaycanlı yarımmüdafiəçi sonradan bu komandadan ayrılaraq “Kəpəz”ə keçdi. Saytımıza danışan gənc futbolçu Ruslan Hacıyevin “Samtrediya”ya keçidi barədə də fikirlərini bildirib: “Ruslan hələ ora gəlməmişdən də onunla danışmışdıq. Məsləhət vermək yox, sadəcə Ruslanın maraqlandığı bir neçə məsələ var idi ki, onlar haqda məlumat verdim. Ruslanı nəyə qadir olduğunu bildiyimə görə, deyə bilərəm ki, o, daha artığını edə biləcək potensiala malikdi. Gürcüstanda daha çox güc futboluna üstünlük verildiyinə görə, nə dərəcədə faydalı olacağını oyunlar başlayanda görəcəyik. Allah qoysa, hər şey istədiyi kimi olar”.

 

Qədirzadə, ona başqa klublardan təklif olsa da, “Kəpəz”i seçməsinə bu cür şərh verib: “Əslində başqa təkliflərim də var idi. Amma “Kəpəz”i seçdim. Premyer Liqa klubundan birinci divizion klubuna keçmək, istər-istəməz geriyə addımdı. Amma bu gün Premyer Liqamızda say azlığı var ki, bu da hər kəsə bəllidi. “Kəpəz”də əsas məqsəd çempionluğa oynamaq, yuxarı pillələrdə olmaqdı”.

Xəbər xətti