“Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib. 28 yaşlı müdafiəçi həm klubundakı durumdan söz açıb, həm də milli komandadakı taleyindən danışıb:
- Komandan ölkə çempionatında yeni mövsüm hansı məqsədlər üçün oynayacaq? Nəyə ümid edirsiniz?
- Qarşımıza qoyulan məqsəd həmişə olduğu kimi, avrokuboklara vəsiqə qazanmaqdı. Bunun üçün əlimizdən gələni edəcəyik. Çempionat başlayır, uzun marafondu. Nə qədər yuxarı pillələrdə qərarlaşsaq, bir o qədər yaxşıdı. Ki, sonda da avrokuboklara vəsiqə qazanaq.
- Maraqlıdı, “Soçi” matçından sonra komanda özünə gələ bilib?
- Deməzdim ki, “Soçi” oyunundan sonra komanda pis vəziyyətdədi və ya psixoloji sıxıntı keçirib. Rəqibin gücünü öz sözünü dedi, sıradan komanda deyildilər. Yəqin ki, “Soçi”nin “Partizan”la oyununu izləmisiniz. “Soçi” məğlubiyyətinin bizim üçün güclü zərbə olduğunu deməzdim. Çempionata yaxşı əhval-ruhiyyə ilə hazırlaşacağıq.
- “Keşlə” hazırda ölkə çempionatına nə dərəcədə hazırdı və sizi narahat edən məqamlar hansılardı?
- Çempionatın əvvəli avrokuboklarda 2 oyun keçirmişik. Nə qədər çox oyun keçirsən, bir o qədər yaxşıdı. Komanda çempionata daha yaxşı hazır olur. Çempionatın ilk oyunları çətin olur, amma oyundan-oyuna artırmağa çalışacağıq. İlk oyunumuz “Sumqayıt”a qarşıdı, həmin oyuna qədər ideal formada olmağa çalışacağıq. Yeni oyunçularımız var, uyğunlaşmada bir az problemlər var. O da tədricən tam düzələcək.
- Necə düşünürsən, ötən mövsümün əvvəlindəki komanda güclüdü, yoxsa indiki?
- İndi bunu demək düzgün olmazdı. Amma onu deyə bilərəm ki, gedən oyunçular komandamızın ürəyi idi. Öz sözünü demiş oyunçular idi. Çempionatın sonunda da göründü, avrokuboklara vəsiqə qazandıq, kuboku götürdük. Gələnlər də yaxşı oyunçulardı, öz səviyyəsini göstərir. İnanıram ki, gələnlər gedənlərin yerini dolduracaq. Ötən mövsümki komanda güclü idi, yoxsa indiki, deyə bilmərəm. Çempionatın ortasında görünəcək.
- Yayda sənə “Sabah”, “Zirə”,“Qəbələ” başda olmaqla bir neçə komanda maraq göstərirdi. Maraqlıdı, nəyə görə qaldın “Keşlə”də?
- Burada özümü xoşbəxt hiss edirəm deyə, qaldım. Heç vaxt seçimimdə yanılmamışam. Bu dəfəki seçimimdə də yanılmaram. Əsas odur ki, baş məşqçi səni komandada görmək istəyirsə, işləmək istəyirsə, güvənirsə, hər bir futbolçu bu seçimi edərdi. Sənan Qurbanov komandada qalmağımı istədi, mən də işləmək istədim deyə qaldım.
- Yeni mövsümdə öz məqsədin nə olacaq? A milliyə daim cəlb olunmaq, əsas heyət üzvünə çevrilməyin mümkündü, yoxsa bunun üçün “Neftçi”, “Qarabağ” və ya xaricdə oynamalısan?
- Həmişə qarşıma məqsəd qoymuşam ki, milliyə dəvət alım. Keçən il də dəvət alırdım. Ötən mövsümki kimi oynayacam ki, milliyə yenidən dəvət alım. Deməzdim ki, millidə oynamaq üçün sırf “Neftçi” və “Qarabağ”da oynamaq lazımdı, mütləqdi. Klubunda oynayırsan, özünü göstərirsənsə, milliyə dəvət edirlər. Üstəlik Canni De Byazi seçim edir, çağırır. Yığmaya 25-30 oyunçu dəvət edilir, 11 nəfər oynamalıdı. Bu mənada da çətindi. Ancaq şans gələcəyi təqdirdə çıxıb oynayacam, sübut edəcəm.
