"Keşlə"dən ayrılan məşqçi Azər Bağırov Sportal.az saytına açıqlama verib.
39 yaşlı mütəxəssis "Neftçi" və "Qarabağ"ın avrokubok oyunlarını dəyərləndirib:
"Neftçi" çox zəif oynadı. Rəqib asanlıqla meydanın mərkəzini keçirdi, əks hücumlarda təhlükəli idi. "Neftçi" daha texnikalı oynamaq istəyirdi, amma buna nail ola bilmədi. Namik Ələsgərov olanda "Neftçi" daha yaxşı oynayırdı.
Rəqibi öz meydanında qarşılamaqda "Neftçi" çətinlik çəkirdi. Top HİK-də olanda 5-li müdafiə arxada dayanıb rəqibi gözləyirdi. 5-li müdafiə ilə oynayan komandalar bunun tam əksini edirlər, rəqibi öndə qarşılayırlar.
"Neftçi"nin "B", "C" planları yox idi. HİK qol vurandan sonra komanda çökdü. "Neftçi" qol buraxmağa hazır deyildi. Rəqibin də haqqını vermək lazımdı. Çox sürətli əks hücumlar edirdilər. Nə etmək lazım olduğunu çox yaxşı bilirdilər. Namik Ələsgərovun yoxluğu "Neftçi" üçün çox böyük itki idi.
Süni örtüklü meydanda oynamaq bəhanə deyil. Əvvəlcədən də harada oynayacaqlarını bilirdilər. Ona uyğun hazırlaşmaq lazım idi.
"Qarabağ" meydanda dominantlıq edirdi, bilirdilər ki, lazım olan qolu vuracaqlar. Buna baxmayaraq Ağdam təmsilçisi rəqibdən ehtiyat edirdi. Çünki rəqib oyunu əks-hücum üzərində qurmuşdu. AEL də yaxşı müdafiə olunurdu. Qurban Qurbanov əvəzetməsi və "Qarabağ"ın usta futbolçuları oyunun taleyini həll etdi.
Ot örtüyünün vəziyyəti "Qarabağ"ın oyununa çox təsir edirdi. Xayme, Zubir kimi oyunçulara çətinlik yaradırdı. "Qarabağ" Azərbaycanın "Barselona"sıdı. Topla oynamağı sevir. Buna görə də çətinlik var idi. "Qarabağ" müdafiədə və meydanın mərkəzində istədiyi oyunu qurub, sonda lazım olan nəticəni qazandı. "Neftçi"dən fərqli olaraq "Qarabağ"da hər şey planlı şəkildədi. Bu da Qurban Qurbanovun təcrübəsinin nəticəsidi.
