“Keşlə”nin kapitanı Tərlan Quliyev Sportal.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasının ikinci turunun “Qəbələ”yə qarşı keçirəcəkləri oyun barədə danışıb.
O, komandasının ilk turda “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları oyun haqda da fikirlərini bildirib: “İlk oyun bizim üçün sadəcə uğursuz alındı. Amma belə də səbəb axtarmırıq. Niyə axtarmırıq? Çünki oyunu çox yaxşı keçirdik. Sonuncu dəfə rəqib qapısı qarşısında bu qədər qol epizodu yaratdığımız oyunu xatırlamıram. Sadəcə bəxtimiz gətirmədi, istifadə edə bilmədik. “Sumqayıt” isə əks-hücumda 1 qol vurduş. Yəni qalib də gələ bilərdik, amma uduzduq”.
Quliyev, bu görüşdə dubl edən Rəhim Sadıqov haqda da fikir bildirib: “Rəhim əks-hücumlar zamanı qollar vurdu. Onun necə oyunçu olduğunu bilirik, topla yaxşı davranır. Sadəcə o, boşluqdan istifadə etdi ki, bu cür oyunçulara boşluq vermək olmaz”.
Paytaxt təmsilçisinin kapitanı bu gün “Qəbələ”yə qarşı keçirəcəkləri oyunda qalib gələcəklərinə inandığını bildirib: “Qəbələ” oyununa 3 xal üçün çıxacağıq. “Sumqayıt”a qarşı oynadığımız oyunu oynaya bilsək, buradan qələbə ilə ayrıla bilərik. “Qəbələ”nin xarici oyunçularını deyə bilmərəm, çünki 1-2 nəfəri tanıyıram. Amma yerlilərin hamısı isə yaxşıdı, pis oyunçular deyil. “Neftçi”yə qarşı oynadıqları oyunu da gördüm. “Qəbələ” mübarizə aparan komandadı. Hansı komanda səbr və əzmklə mübarizə aparacaq qalib gələcək”.
