İndi hamını millimizlə bağlı bir sual düşündürür - Fransanın qabağına nəyə ümid edib çıxacağıq, kimə bel bağlayıb meydançaya ayaq basacağıq?
Santuş təzə gələndə bir ildən sonra fərqli milli komanda görəcəyimizi deyirdi. Bir il keçdi, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında hər fəsli gördük, amma futbol adına yeni bir şey görmədik ki, görmədik...
Məşqçilik işində quru adından başqa heç nəyi qalmayan Santuş AFFA-nı da dolaşığa salıb. Rəhbərlikdə də heç kim bilmir nə desin, nə etsin. Portuqaliyalı məşqçini postunda saxlamaq bir dərd, çıxarmaq başqa dərd.
Santuşu saxlasalar, bu adamın tükənmiş bacarığı ilə dünya çempionatının seçmə mərhələsində biabırçı məğlubiyyətlər qaçılmaz olacaq. İstefaya göndərsələr, belə qısa vaxtda millinin yükünü qaldıra biləcək adam çətin tapıla. Hələ heç Santuşu istefaya yollasalar, ona çatası təzminatdan danışmırıq. İnkişaf strategiyasını başlamaq üçün pulun yox vaxtı bu da əlavə xərc olacaq.
"Beşiktaş"lı dostların sözünə uyub Santuşu millimizin başına gətirənlər həm özlərini dolaşığa salıblar, həm də ölkə futbolunu.
Susqunluqdu, sözsüzlükdü...
Millimizin uğursuz çıxışları federasiyanın yeni baş katibi Cahangir Fərəcullayevi də çətin duruma salıb. Hamı Cahangir bəyi görür, hamının gözləntisi ondandır. Amma bir məsələ də var ki, Santuşu millimizə urcah eləyən Fərəcullayev deyil. Portuqaliyalı mütəxəssislə bağlı istefa qərarını da Cahangir bəy yox, İcraiyyə Komitəsinin üzvləri verməlidir.
Gözləyək. Bu cür davam edə bilməyəcəyini AFFA-nın İcraiyyə Komitəsinin üzvləri də dərk edirlər hər halda!
Həmid
saytlarin hazirlanmasi