"Sabah"ın forvardı: "Spartak"la qarşılaşmaq əla olardı" - MÜSAHİBƏ

13:22 - 6 İyul 2025

"Sabah"ın hücumçusu Pavol Şafranko Sportal.az saytına müsahibə verib. Slovakiyalı komandasının hazırlıq prosesindən, avrokuboklardakı şanslarından bəhs edib.

- "Sabah" artıq 2 yoxlama görüşü keçirib. Hansı matçda daha yaxşı performans sərgilədiyinizi düşünürsən? 

- Çətin sualdır. Bilirsiz, burada bir məsələyə fikir vermək lazımdır. İlk oyunumuzu məşqlərin birinci həftəsində oynadıq. İkinci oyunumuz isə elə ikinci həftədə keçirdik. Hər iki görüşdə isə pozitiv məqamlar var idi. Ən vacibi isə bütün oyunçuların əla münasibətdə olması idi.

- Avropa Liqasının təsnifat matçına cəmi 5 gün vaxt qalıb. Komandanın bu oyuna neçə faiz hazır olduğunu hesab edirsən? 

- Biz oyuna bacardığımız qədər yaxşı hazırlaşırıq.

- "Sabah"ın rəqibi "Çelye" klubudur. Ümumiyyətlə, püşkatmada bəxtinizin gətirdiyini düşünürsən? Çünki potensial rəqiblər arasında "Şaxtyor", "Şerif", "Spartak"(Trnava) da var idi..Yəqin ki, "Spartak"la düşməyinizi daha çox istəyərdin? Hər halda, Slovakiya klubudur, həmvətənlərindir... 

- Adını çəkdiyiniz bütün komandalar hörmətə layiqdirlər. Çünki onlar Avropa yarışlarına vəsiqə qazanıblar və mövsümü uğurlu keçiriblər. Təbii ki, “Spartak”la qarşılaşmaq əla olardı. Amma mənim diqqətim indi “Çelye” yönəlib və biz yaxşı performans göstərəcəyimizə inanırıq.

- "Çelye"ni məğlub etmək şanslarınızı necə dəyərləndirirsən? Səncə, "Sabah" bu komandanı keçə biləcək? 

- Biz “Çeye”yə böyük hörmətlə yanaşırıq. Lakin bu 2 oyundan uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Rəqibin son mövsümdə Konfrans Liqasında 1/4 finala qədər irəliləməsi sizi qorxutmurki? 

- Onlar yaxşı nəticə göstərdilər. Dediyim kimi biz hamıya hörmət edirik. Amma diqqətimizi özümüzə yönəldirik. Rəqibi analiz edirik və bacardığımız qədər yaxşı oynamağa çalışacağıq.

- Komandanın yeni baş məşqçisi Valdas Dambrauskasdır. Onun haqda məlumatın var idi? Komandadakı atmosfer necədir? Vasili Berezutskidən sonra litvalı məşqçiyə öyrəşmisiz?

Bu sual cavab verməmişdən əvvəl Vasili Berezutski və korpusuna təşəkkür etmək istərdim. Çünki biz böyük bir iş yaratdıq və xüsusi tarixi məqam yaşadıq. Yeni baş məşqçimizə gəldikdə, onun adını eşitmişdim, çünki o, top komandalarda işləmişdi. Onun işi hər şeydən xəbər verir. Biz hər gün öyrənirik və yaxşı yoldayıq.

- "Sabah"ın Avropa Liqasında və ya minimum Konfrans Liqasında əsas mərhələyə(qrup mərhələsi) qədər irəliləyəcəyinə inanırsan? "Sabah"ın gücü buna çatacaq?

- Həyatda hər şey mümkündür. Biz də uğurlu nəticələr üçün çalışacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

Mirbağırağa
 

Xəbər xətti