Elmar Baxşıyev: "Daha artığını etməyə gücümüz var"

20:33 - 23 İyul 2025

"Araz-Naxçıvan" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda Yunanıstanın "Aris" klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun mahiyyətini hamı dərk edir. Matça yaxşı hazırlaşmışıq. Ümidliyik, inamlıyıq. Futbolçularım sabah meydanda ən yaxşısını etməyə çalışacaq. Yaxşı komandayıq. Təcrübəsiz görünə bilərik. Amma komandam özünə inanır.

- Sizi narahat edən nədir?

- Yaxşı hazırlıq keçmişik. Daha artığını etməyə gücümüz var.

- "Araz-Naxçıvan"ın heyətində avrokubok təcrübəsi olan futbolçular var. Sizcə, bu amil oyuna müsbət təsir edə bilər?

- Komanda Konfrans Liqasında yeni ola bilər. Amma heyətdə olan futbolçular dəfələrlə belə yarışlarda iştirak ediblər. Yaxşı oyunçulara sahibik. 

- Transfer fəaliyyətindən razı qaldız? İstədiyiniz futbolçuları gətirə bildiz?

- Sərəncamımda olan futbolçuların hamısını mən bəyənmişəm. Hamısı mənim oyun fəlsəfəmə uyğundur. Yoxlama oyunlarında öz ustalıqlarını göstərməyə çalışırdılar.

- Yeni oyunçular komandaya uyğunlaşa bilib?

- Yaxşı kollektivimiz var. Uyğunlaşma baxımından heç kimin sıxıntısı yoxdur.

- Azarkeşlərə nə demək istəyirsiz?

- Bizi dəstəkləsinlər. Onları sevindirməyə çalışacağıq.

- Mövsüm başlamadan öncə Naxçıvana gedib azarkeşlərlə görüşməyi düşünürsüz?

- Biz də onları görmək istəyirik. Sıx qrafikdəyik. Bizim təlim-məşq toplanışında naxçıvanlı azarkeşlər iştirak edirdi. Onlarla görüşmüşük. Nə vaxtsa Naxçıvana qayıdacağıq. İndiki durumda daha çox komandaya diqqət ayırırıq.

Elçin Əlixan

Xəbər xətti