"Turan Tovuz"un kapitanı Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.
- "Neftçi" ilə matçda qələbə qazanmağı bacardınız. Bu görüşdə əsas hədəf yəqin ki, elə qələbə idi?
- Hər oyuna olduğu kimi, bu matçda da qələbə qazanmaq istəyirdik. Meydana da bunun üçün çıxmışdıq. Şükürlər olsun ki, istədiyimizi əldə etdik, qalib gəldik.
- Bu matçda həlledici qolu Olabe vurdu. Belə ola biləcəyini ehtimal edirdiz, yoxsa düşünürdün ki, “Neftçi”nin hücumlarının qarşısını almaq çətin olacaq?
- Bizi çətin oyunun gözlədiyini yaxşı bilirdik. Buna da hazırlaşmışdıq. Həftəboyu məşqimizi buna uyğun etmişdik. Erkən qol vurmağımız işimizi az da olsa, asanlaşdırdı. Tapşırıqları düzgün yerinə yetirdik. Sonda da qalibiyyət əldə edildi.
- Bu matçda əsas diqqətçəkən məqamlardan biri də İqor Ribeyronun meydandan qovulması anı idi. O epizodda nə baş vermişdi?
- Ribeyro ilə aramızda heç bir söhbət filan olmadı. Sadəcə top getdikdən sonra bir-birimizi itələmişdik. O bunu bir az sərt şəkildə etdi.
- Matçdan sonra İqor Ribeyro səndən narazılıq etmədi və ya nəsə problem yaranmadıki? Çünki “Neftçi” fanatları və bəziləri Ribeyronu provakasiyaya çəkdiyini düşünür..
- Xeyr, Ribeyro ilə aramızda heç bir problem olmadı. Əslində,biz bir-birimizə qarşı heç nə etmədik. Sadəcə bir-birimizi itələdik. O, bunu daha sərt etdi.
- "Turan Tovuz” iki turdan sonra altı xala malikdir. Sizi razı salan nəticədir, yoxsa necə?
- Premyer Liqada mövsüm yeni başlayıb. İndi qazanılan hər bir xalın sonda çox önəmi olur.Ona görə də, hər xal bizim üçün dəyərlidir.
- Necə düşünürsən, bu komandanın çempionluq uğrunda mübarizə aparmağa gücü çatar? Çempionluq sizin üçün realdır?
- Futbolda hər şey mümkündür. Sadəcə gərək bunu istəyəsən. Biz dəəlimizdən gələni edəcəyik ki, istəyimizə çataq. İndiki məqamda düşüncəmiz hər oyunda qələbə qazanmaqdır ki, xal ehtiyatımızı artıraq.
- “Turan Tovuz”da aparıcı futbolçusan. Maraqlıdır, heç milli komandadan gözləyirdin dəvət?
- Bəli, mən də hər bir futbolçu kimi milliyə dəvət edilməyi çox istəyirdim. Amma bu, məşqçinin fikridir. Hörmətlə də yanaşıram. Hər zaman olduğu kimi, öz işimi görəcəm.
Mirbağırağa