"Düzünü desəm, əvvəllər daha çox diqqətimi  Azərbaycan yığmasına yönəltmişdim" - Avropadakı həmyerlimiz

13:47 - 19 Dekabr 2025

Azərbaycanın U-21 yığmasının və “Şamaxı”nın sabiq üzvü, Estoniyanın “Trans Narva” klubuna keçmiş Murad Vəliyev müsahibə verib. Sportal.az xəbər verir ki, yeni klubunun rəsmi saytına danışan həmyerlimiz Azərbaycandakı karyerasının uğurlu alınmamasına da münasibət bildirib.

- Əvvəlcə onu dəqiqləşdirək ki, hansı düzgündür: Vəliyev, yoxsa Valiyev?

Estoniyada Vəliyevdir, pasportumda belə yazılıb. Valiyev isə Azərbaycan versiyasıdır. 

- Estoniyanın gənclər yığmalarında oynamısan, sonradan isə Azərbaycanın U-21 yığmasında oynamaq qərarına gəldin. A milli səviyyəsində dəvət gələrsə, hansı seçimi edəcəksən, prioritet hansı yığma olacaq?

Düzünü desəm, əvvəllər daha çox diqqətimi  Azərbaycan yığmasına yönəltmişdim. İndi isə bu barədə çox düşünməməyə çalışıram. Əgər konkret bir maraq və ya söhbət olarsa, təbii ki, ünsiyyət quracağıq və işlərin necə gedəcəyini görəcəyik.

- Ötən mövsümü Azərbaycanda, “Şamaxı”da keçirdin. Azərbaycan Premyer Liqasını Estoniya çempionatı ilə necə müqayisə edərdin?

Azərbaycan Premyer Liqası hazırda çox güclüdür. Orada legioner limiti yoxdur. Bu da liqanın səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Klublar daha güclü oyunçular dəvət edə bilərlər. Üstəlik, "Qarabağ" Avropa səviyyəli komandadır, müntəzəm olaraq avrokuboklarda oynayır və buna görə də liqanın ümumi səviyyəsi yüksəlir. Digər komandalar da ona uyğunlaşmağa çalışırlar.

- Limitin ləğvinin Azərbaycanın bütün klublarının Avropada daha uğurlu çıxışı üçün addımdır?

Düşünürəm ki, belədir. Bəli, səbəblərdən biri də budur.

- Oyun baxımından həmin mövsüm sənin üçün necə keçdi?

Kuboku da hesablasaq, 15 oyun keçirdim. İlk dəfə gəldiyimdə çox oyun vaxtı qazana bilmədim, amma zamanla uyğunlaşdım. Mövsümün sonuna yaxın daha çox oynamağa başladım. Ümumilikdə, çox yaxşı emosiyalarım var idi. Düşünürəm ki, daha güclü oyunçu oldum və çoxlu müsbət təcrübə qazandım.

- Niyə Azərbaycanda qalmadın? Orada davam etmək istəyərdin?

Bir neçə səbəb var idi və nəticədə klubla birlikdə yeni bir seçim tapıb irəliləməyimin mənim üçün ən yaxşısı olduğuna qərar verdik.

- Dərhal Estoniyaya qayıtmağı düşündün?

Əslində yox. Sadəcə təkliflərə açıq idim və müxtəlif variantlara baxırdım. Nəticədə, “Trans Narva”nın baş məşqçinin ideyasını bəyəndim. Bunun karyeramda irəliyə doğru yaxşı bir addım olduğunu başa düşdüm. Xarici oyunçu sayılmamağım öz rolunu oynamalıdır, daha çox oyun vaxtı qazana biləcəyəm.
 

Xəbər xətti