Kapitanlıq sarğısı alınan, Santuş kimilərinin futboldan silməyə çalışdığı Emin Mahmudov - bu mövsüm 7 qol, 7 assist, "Neftçi" qələbələri sıralayır

14:58 - 18 Fevral 2026

Son 10 ildə millimizin ən yaxşı futbolçusunu seçməli olsaq, əksəriyyət Emin Mahmudovun adını çəkəcək. Lakin yığmamızın oyunlarında həmişə ön plana çıxan, qolları və döyüşkənliyi ilə seçilən Mahmudov üçün hər şey birdən-birə tərs getməyə başladı. 

Buna Millətlər Liqasında Bakıda İsveçə (1:3) qarşı oyundakı penalti səbəb oldu. Bəlkə də bu, Emini yıxmaq üçün bir bəhanə idi. Etiraf edək ki, onu istəməyənlər bundan lazımınca yararlana bildilər. Yığmamızın əsas penalti vuranı Mahmudov zərbəni yerinə yetirmək istədiyi vaxt qarşısında Ramil Şeydayev peyda oldu. Xahiş etdi, penaltini vurmaq istədiyini dedi, Emin də topu ona verdi. Qol olsaydı, heç kim heç nə deyəsi deyildi. Amma Ramil Şeydayev penaltini qaçırınca, bütün günahlar Mahmudovun ayağına yazıldı. Fernandu Santuş həm kapitanlıq sarğısını ondan aldı, həm də ehtiyata göndərdi onu. 

Bu azmış kimi, Roman Qriqorçuk da "Neftçi"də sarğını Mahmudovun qolundan çıxardı. Elə bil hamı bir anda Emin Mahmudova qarşı birləşdi. Maraqlıdır ki, əsas günahkar Ramil Şeydayev heç nə olmayıbmış kimi həm millidə, həm də "Neftçi"də oynamağa davam edirdi. 

Lakin zamanla hər şey öz axarına qayıtdı, haqq-ədalət yerini tapdı. Emin Mahmudov yenə üzdədi, yenə baş roldadı. Kapitan bu mövsüm "Neftçi"də 7 qol vurub, 7 assist edib. Mahmudov ən yaxşılardandır. Yuri Vernidubun gəlişiylə kapitan göz oxşayır oyunuyla. 

Ukraynalı mütəxəssis gələn kimi komandanı məhz kapitanın ətrafında birləşdirməyi lazım bildi. Çox vaxt keçmədən bunun effekti özünü göstərdi. İndi həm Emin yaxşı görünür, həm də "Neftçi"!

Bir məqamı da vurğulamaq lazımdır ki, Emin Mahmudov sakit təbiətli olsa da, mürəkkəb xarakterə malik adamdır. Hər məşqçi onunla dil tapa bilmir. Lakin bunu bacaran mütəxəssis faydasını artıqlamasıyla görür. Anlaşılan odur ki, təcrübəli Yuri Vernidub Emin Mahmudov kimi qəliz futbolçularla da düzgün işləyə bilən məşqçilərdəndir. 

Fikrət

Xəbər xətti