Başa çatan mövsümü Albaniyada keçirən 4 azərbaycanlı futbolçu oldu. Onlar Vüsal İsgəndərli, Zamiq Əliyev, Bayraməli Qurbanov və Elməddin Məmmədov idi. Azərbaycanlı qolkiperin komandası “Poqradeçi” Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparsa da, I Liqada 3-cü yeri tutaraq istəyinə çata bilmədi. Sportal.az saytına müsahibə verən 30 yaşlı qapıçı bir çox məqamlara aydınlıq gətirib.
- Son mövsümü Albaniyanın "Poqradeçi" klubunda başa vurdun. Bu komandadanın heyətindəki performansını necə dəyərləndirirsən, hər şey istədiyin kimi alındı?
- "Poqradeçi" hər mövsüm iddialı, maddi cəhətdən də güclü komandadır. Təzyiq hər zaman yüksəkdir, həm azarkeşlər, həm məşqçilər korpusu, həm də rəhbərlik tərəfdən vəziyyət belədir. Mən komandaya gec qoşuldum, çox şans almasam belə, mənə ehtiyac olduğunda, pis performans göstərmədim. “Poqradeçi”dən öncəki komandamda isə bütün oyunlara meydana çıxırdım. O da Albaniya klubu idi, “Luftetari”ni nəzərdə tuturam.
- Komanda əsas liqaya yüksəlməyə çox yaxın olsa da, sonda bu vəsiqəni "Laçi" və "Skenderbeu" qazandı. Səncə, əsas liqaya yüksələ bilməməyinizə səbəb nə oldu?
- "Laçi" ilə aramızdakı matçda bəxtimiz gətirmədi. Penalı qola çevirə bilmədik. Final oyunu idi sanki, həlledici matç oldu. “Laçi” daha istəkli idi, evdə oynayırdılar və sonda da qalib gəldilər. Həmin gün şanssız idik. “Skenderbeu” isə yüksək maliyyə, “Laçi” isə sırf düzgün seleksiya sayəsində əsas liqaya vəsiqə qazandı.
- Albaniya I Liqasının səviyyəsini Azərbaycan I Liqası və ya Premyer Liqası ilə necə müqayisə edərdin? Hansı məqamlarda bizdən üstün və ya geridədirlər?
- Albaniya yüksək liqası komandaları Azərbaycanın hansısa klublarından zəif ola bilərlər. Çünki hamı bilir ki, Azərbaycanda legioner oyunçuların əməkhaqqısı çox yüksəkdir. Amma Albaniya Superliqasında və birinci liqasındakı yerli futbolçular Azərbaycan çempionatındakı yerlilərdən daha yüksək və eyni səviyyədədirlər. Albaniya Superliqası ilə birinci liqa arasında uçurum yoxdur. Klubların yerli futbolçu seçimi çoxdur. Orada birinci liqa hər komponentdə Azərbaycan I Liqasından üstündür. Ən əsası isə yaxşı futbolçular 1-2 komandada deyillər, bütün klublara səpələniblər. Bu özü də rəqabət deməkdir.
- Albaniyada səninlə yanaşı Zamiq Əliyev, Vüsal İsgəndərli və Bayraməli Qurbanov da da var idi. Maraqlıdır, heç dördünüzün görüşürdünüz, yoxsa münasibətiniz yoxdur?
- Əvvəllər Vüsal və Bayraməli ilə bir komandada oynamışam. Amma Zamiqlə şəxsi tanışlığım yoxdur. Xeyr, aramızda siz deyən görüş olmayıb.
- Yeni mövsümə Albaniyada başlayacaqsan? Yoxsa, Azərbaycana geri qayıtmaq variantın var, ya fərqli ölkədə oynayacaqsan?
- Hazırda fərdi məşq edirəm. Danışıqlarım Albaniya və Kosovo klubları ilə davam edir. Amma rəsmi heç nə yoxdur. Azərbaycandan isə mənimlə heç kim əlaqə saxlamayıb.
- Maraqlıdır ki, azərbaycanlı futbolçular xaricə getmək istəməməsini adaptasiya problemi ilə əlaqələndirir. Amma sən daim xaricdə oynayan tək-tük azərbaycanlı futbolçulardansan. Qırğızıstan, Maldiv Adaları, Malta yüksək liqasında da çıxış etmisən. Həqiqətənmi xaricdə oynamaq çətindir?
- Xaricdə oynamağın müsbət və mənfi tərəfləri var. Heç bir zaman çətinlik çəkməmişəm. İlk addımlar həmişə çətin olur. Bəzi şeylər şəxsə, düşüncəyə, həyata, istəklərə, arzulara və nəhayət planlara görə dəyişir.
Mirbağırağa
