"Vaxtilə SSRİ yığması Azərbaycan futbolunda olan hücumçulara möhtac idi" - MÜSAHİBƏ

14:17 - 10 İyun 2026

Azərbaycan milli komandası Avstriya toplanışında iki yoldaşlıq oyunu keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Maltaya uduzub (0:2), San Marinoya isə qalib gəlib (2:1).

Sportal.az xəbər verir ki, keçmiş “Bakı” klubunun icraçı direktoru, hazırda II Liqada mübarizə aparan “Dinamo”nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidovla millinin nəticələri və perspektivlər haqda Futbolpress.az saytına müsahibə verib.

- FIFA reytinqində bizdən aşağı olan yığmalardan birinə uduzduq, birinə qalib gəldik. Nəticələri necə şərh edərdiniz?

Azərbaycan çempionatı yeni bitib və futbolçularda yorğunluq göründü. Maltaya məğlubiyyətdən sonra San Marinoya qarşı daha istəkli oynadılar və qələbə qazandılar. Nəticələrin əhəmiyyəti yoxdur. Ayxan Abbasov bu görüşlərdə fərqli heyətlərdən istifadə etdi və futbolçuların nəyə qadir olduğunu görməyə çalışdı.

- Bu görüşlər Millətlər Liqasına ümidli baxmağa imkan verir?

Məncə, hə. Futbolçular həmin vaxt daha yaxşı formada olmalıdırlar. Düzdür, çətin olacaq, amma ümid var. Bəzi oyunçular klublarında oynamır, ilk növbədə bunu həll etməlidirlər. Limitin ləğvi Abbasov üçün çətinlik yaradıb. Görüləcək işlər çoxdur. Qarşıda üç ay vaxt var, əsas məsələ futbolçuların həmin vaxt hazırlıq durumunun yaxşı səviyyədə olmasıdır.

- Dünən U21 yığması Qırğızıstandan olan həmyaşıdlarına uduzdu. Sanki hamı inkişaf edir, bizdən başqa…

Uzun illər futbol idarəçiliyində buraxılmış səhvlərin nəticələrini görürük. Əvvəldən belə olacağını demişdik, həll yollarını da açıqlamışdıq. Təəssüf ki, düşündüklərimiz fikir olaraq qaldı, nəticə də göz önündədir. Ümid edirəm ki, heç olmasa, qonşularımıza baxıb, nələrisə dəyişməyə çalışarıq. İnanıram ki, buna istək var.

- Yaxın 5-10 il üçün işıq görürsünüz?

İndidən başlasaq, nəticə də olacaq. İslandiya kimi futbol ölkəsi olmayan bunu edibsə, biz niyə etməyək? Vaxtilə SSRİ yığması Azərbaycan futbolunda olan hücumçulara möhtac idi. Bizim “qabımızda” var. Sadəcə inanmaq və bu sahəni bilənlərə şans vermək lazımdır.

- Hansı işlər görülməlidir?

İlk növbədə infrastruktur yaratmaq, regionlarda sistemli işlər görmək lazımdır. AFFA yaxşı strategiya hazırlayıb, indi əsas məsələ onun uğurla həyata keçirilməsidir. Bu məsələdə quruma dövlət dəstəyi də gərəkdir. Əks halda, böyük işlər görmək çətin olacaq. Millinin uğur qazanmağını istəyiriksə, AFFA-ya bu məsələlərdə dəstək verilməlidir. Ümumiyyətlə, düzgün addımlar atmalı, kompleks işlər həyata keçirməli və hamılıqla futbolumuzun inkişafına töhfə verməliyik.

Xəbər xətti