Komanda yağış altında məşq edib
Premyer Liqanın XVIII turu çərçivəsində dekabrın 20-də “Sumqayıt” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir.
Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” dekabrın 17-də stadionun ehtiyat meydançasında güclü yağış altında məşqə çıxıb.
Saat 11:00-da başlayan və 1 saat 20 dəqiqə davam edən hazırlıq prosesinin sonunda ehtiyat meydançanın ot örtüyü korlanıb. Durmadan yağan yağış öz sözünü deyib. Belə olan halda məşqçilər korpusunun qərarı ilə sabahkı hazırlığın Lənkəran şəhərinin İnşaatçılar məhəlləsindəki (RAYPO-nun yanı) idman kompleksinin süni örtüklü – qapalı meydançasında keçirilməsi məqsədəuyğun sayılıb.
Bundan əlavə Cənub klubunun məşqçilər korpusu haqqında da əlavə bir məlumat əldə olunub. Belə ki, komandanın məşqçiləri növbə ilə Premyer Liqanın son bir neçə turunun bütün oyunlarını izləyib və “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “İnter” və “Bakı” komandaları haqqında ümumi məlumatları toplayaraq baş məşqçiyə çatdırıblar. Bu yolla da Mustafa Dənizli turnir cədvəlində yüksək pillələrdə qərarlaşan komandaların oyun üslubu, hazırkı durumu, eləcə də lider komandaların heyətlərindəki üstünlüklərin və boşluqların ümumi mənzərəsini yaratmağa çalışıblar. Türkiyəli təcrübəli mütəxəssis bu vasitə ilə qış fasiləsində rəqib komandaların heyətlərində edilə biləcək dəyişikliklərə də indidən hazırlaşmağa, həmçinin çempionatın ümumi səviyyəsini müəyyənləşdirərək “Xəzər Lənkəran”a lazımi transferlərin həyata keçirilməsinin sxemini qurmağa başlayıb.
Mənbə: 12cioyuncu.info