"Azərbaycan millisinə daha yaxşı mütəxəssis lazımdı"
“Bu, “Xəzər Lənkəran”ın cari mövsüm keçirdiyi ən yaxşı oyunlardan biri idi. 90 dəqiqə ərzində rəqibdən üstün olduq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” qapıçılar üzrə məşqçisi Murat Göksu deyib.
Topaz Premyer Liqasının IX turunda “Qarabağ”a məğlub olduqları (2:3) görüşdən danışan türkiyəli mütəxəssisin fikrincə, komandası meydanı 3 xalla tərk edə bilərmiş: “Sadəcə, futbolçuların fərdi səhvlərindən sonra qollar buraxdıq. Rəqib birinci qolu penaltidən vurdu, digər ikisi də müdafiənin səhvlərindən oldu. Amma oyuna baxsaq, qələbə qazanmalı idik. Belə matçlar az-az olur. Qarşılaşmanın 17-ci dəqiqəsinə qədər “Qarabağ”http://sportal.az/premyer/?go=newnews bir dəfə də olsun qapımıza yaxın gələ bilməmişdi. Amma biz qol epizodları yarada bilmişdik”.
Komandanın əsas qapıçısı Cahangir Həsənzadənin zədəli olduğunu deyən çalışdırıcı gənc qolkiper Orxan Sadıqlının çıxışını dəyərləndirib: “Cahangir bu gün yüngül məşqlərə başladı. Həkimlərin rəyi heç də yaxşı deyil. Ayağında ağrılar var. Ola bilsin “Sumqayıt”la qarşılaşmada da meydana çıxmasın. “Qarabağ”la matçda qapımıza vurulan qollarda Orxan Sadıqlının günahı yox idi. Belə deyək də, Cahangir Orxandan yalnız təcrübədə üstündü”.
Göksu “Xəzər Lənkəran”a gələnədək çiyin-çiyinə işlədiyi “Sivasspor” klubunun baş məşqçisi Roberto Karlosun Azərbaycan yığmasına namizəd kimi göstərilməsinə də münasibət bildirib. Onun fikrincə, milliyə daha yaxşı mütəxəssis lazımdı: “Roberto Karlosa Azərbaycan millisinin baş məşqçisi postu təklif olunmasını və onun bundan imtina etməsini eşitmişəm. Hazırda “Sivasspor”la heç bir əlaqəm yoxdu. Ümumiyyətlə, Karlosla münasibətlərim yaxşı deyil. Elə onunla problemim olduğu üçün də baş məşqçisi olduğu komandadan ayrılmışdım. Azərbaycan millisinə daha yaxşı mütəxəssis lazımdı. Nə üçün onu gətirmək istəyirlər? Karlos yaxşı məşqçi olsaydı, onun yanında qalardım. Düzdü, çox güclü və məşhur futbolçu olub. Amma karyerasını yeni bitirib və məşqçiliyə başlayıb. Onun adı lazımdırsa, Azərbaycan millisinə gətirsinlər. Məşqçi kimi isə Azərbaycan yığmasına zərrə qədər fayda verməz. Karlosdan daha yaxşı çalışdırıcılar var”