Miçel: "Rəqiblərimizlə oyunlar səfərdə çox çətin olacaq" MÜSAHİBƏ

23:28 - 26 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ" evdə “Qəbələ”ni 2:1 hesabıyla məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra komandasının 2-ci qolunu vuran Migel Markos Madera jurnalistlərin suallarını cavablandırıb. Miçel öncə oyunla bağlı fikirlərini bildirib:
 
- Əlbəttə, bilirdik ki, çətin qarşılaşma olacaq. “Kopenhagen”lə ağır görüşdən sonra fiziki səviyyədə güclü olan komandaya qarşı oynadıq. Buna baxmayaraq, komandamız özünü yaxşı göstərdi.
 
- “Atletiko”ya qarşı “Xetafe”nin heyətində oynamısınız və qol da vurmusunuz. Həmçinin, “Birmingem”də çıxış edən zaman “Çelsi”yə qarşı oynamısınız. Ümumiyyətlə, ÇL-də qrup mərhələsindəki rəqibləriniz barədə necə düşünürsünüz?
- Aydın məsələdir ki, çətin qrupda yer almışıq. Üstəlik, “Atletiko” son 3 ildə 2 dəfə ÇL-in finalında oynayıb. Təcrübəli komandalardır. Rəqiblərimizlə oyunlar səfərdə çox çətin olacaq. Ancaq doğma divarlar arasında azarkeşlərimizin dəstəyilə nəticə əldə etməyə çalışacağıq.
 
- La Liqada “Atletiko”ya qarşı keçirdiyin oyunları necə xatırlayırsan?
- Həmin dönəmdə “Xetafe” ilə “Atletiko”nu məğlub etdikdən sonra uğurlu seriyaya başlamışdıq. Yaxşı oyunlar sərgiləyirdik. “Sportinq”in heyətində Madrid klubuna 0:7 hesabı ilə uduzanda isə 20-ci dəqiqədən sonra azlıqda qalmışdıq. Rəqibin heyətində David Vilya, Dieqo Kosta və Arda Turan kimi ulduzlar var idi. Həmin komanda ÇL-nin finalında kuboku son dəqiqə qolu ilə əldən vermişdi. Bir nəfər azlıqda belə bir güclü komandaya 0:7 hesabı ilə uduzmaq gözlənilən idi.
 
- Azərbaycan Respublikasının prezidenti ilə görüşdünüz. Təəssüratlarınız necədir?
- İlk dəfə idi ki, prezidentlə görüşdük. Məndə xoş təəssüratlar yarandı. Belə başa düşdüm ki, ölkə rəhbəri oyunlarımızı izləyir. Oyunlarımızdan məlumatlı idi. Bizə ruhdan düşməməyi söylədi və mübarizə aparmaq lazım olduğunu diqqətimizə çatdırdı.

Xəbər xətti