"Dayanmaq fikrim yoxdur" - Novak Cokoviç

20:20 - 12 İyul 2021

“Böyük Dəbilqə”nin London açıq (Wimbledon) turnirinin finalında italiyalı Matteo Berrettinini məğlub edən Novak Cokoviç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, seribyalı roketka ustası rəqibi ilə bağlı xoş sözlər deyib:

 

"Bu görüş bir döyüşdən daha artıq idi. Matteonu, ailəsini və məşqçi heyətini təbrik edirəm. Mənim üçün çox çətin oldu. Finallarda uduzmağın yaxşı hiss olmadığını gözəl bilirəm. Berrettini hələ yolun başlanğıcındadır və yaxşı gələcəyi var".

 

Tennisin 34 yaşlı əfsanəsi hələ turnirlərdə çıxış edəcəyini söyləyib:

 

"Fikrimcə, mən, Rafael Nadal və Rojer Federer dayanmayacağıq. Rojer və Rafa da idman dünyasının əfsanələridir. Onlara böyük hörmətim var. Qarşılaşdığım ən önəmli idmançılardır. Mənim bu yerlərə gəlməyim səbəbkarları məhz onlardır. Çünki rəqabət bizi inkişaf etdirir. Son 10 ildə inanılmaz yol qət etmişəm, amma dayanmaq fikrim yoxdur. "Uimbldon" turnirini qazanmaq böyük qürurdur".

 

Cokoviç karyerasında 20-ci dəfə qran-pri qalibi olub.

Xəbər xətti