Yay transferlərindən hələ ki, daha çox diqqətçəkən “Sabah”ın “Yagelloniya”dan icarəyə götürdüyü Xuan Kamaradı. İspaniyalı ölkəmizdə yeni olsa da, Azərbaycan futbolu onun üçün çox da yad deyil. Belə ki, onun əvvəlki klublarında komanda yoldaşı olanlar arasında Azərbaycanda oynamış futbolçular az deyil. “Barselona”nın A komandasında cəmi 2 rəsmi oyunda iştirak etmiş Xuan əsasən Polşada Azərbaycanda çıxış etmiş futbolçularla komanda yoldaşı olub.
“Barselona”nın B komandasından ayrıldıqdan sonra Polşa macərasına başlayan ispan “Miedz”də vaxtilə “Rəvan”ın qapısını qorumuş Lukaş Sapela ilə komanda yoldaşı olub. Əsasən 2013/2014 mövsümünün 23-cü turunun “Qəbələ” ilə görüşündə iki penalti qaytarıb, qırmızı vərəqə alması ilə daha çox yaddaşlarda qalan Sapela ilə yanaşı, “Qarabağ”da ikinci qapıçı statusu daşımış Anton Kanibolotski ilə də “Miedz”də komanda yoldaşı olub.
Daha sonra Belostoka köçən Xuan “Yagelloniya”da da Azərbaycan çempionatında oynamış futbolçu ilə “dostlaşıb”. 27 yaşlı yarımmüdafiəçi "Neftçi" tarixinin ən zəif qapıçılarından hesab olunan, 2015/2016 mövsümünün 4-cü turunun “Qəbələ” (0:8) görüşünün anti-qəhrəmanlarından olan Krşevan Santini ilə də eyni komandada çıxış edib. Onun Polşada, çempionatımızdan gördüyü son iştirakçı isə “Qəbələ”də çıxış etmiş Fernan Lopezdi. "Qəbələ"də özünü göstərdikdən sonra Polşaya yollanan ispan, Xuanla eyni anda meydanda olmayıb. Buna səbəb ispanın mövsüm başladıqdan sonra Rumıniyaya yollanmasıdı.
“Qarabağ”da gözlənilənləri verə bilməyən Magaye Geye də Kamaraya tanışdı. “Dinamo”(Buxarest) üçün seneqallı forvardla birlikdə çalışmış ispanın adını sadaladığımız futbolçulardan çempionatımız haqda soruşub-soruşmadığı məlum deyil. Məlum olan odur ki, “Sabah” “Barselona”nın sabiq futbolçusunu yeni mövsüm nəhayət avrokubok arzusuna çatmaq və böyük işlər görmək üçün komandaya dəvət edib.
saytlarin hazirlanmasi
