"Mbappe PSJ-yə 98 milyon avro borcludur" - klub məhkəmədə iddia qaldırıb

23:31 - 12 May 2025

PSJ Kilian Mbappeden 98 milyon avro tələb etməyə hazırlaşır. Xatırladaq ki, 2024-cü ilin sentyabrında Fransanın Peşəkar Futbol Liqası (LFP) Paris klubunu Mbappeyə maaş və bonus borcunu ödəməyə məcbur etmişdi. Forvard yayda "Real"a sərbəst agent kimi keçmişdi.

Sportal.az xəbər verir ki, "RMC Sport"-un məlumatına görə, daha sonra Mbappe, klubun ödənişləri etmədiyi üçün LFP-nin intizam komitəsinə müraciət etsə də, bu müraciət rədd edilmişdi, çünki PSJ artıq LFP-yə qarşı Paris məhkəməsində iddia qaldırmışdı.

Apreldə məhkəmə qərarı ilə PSJ-nin hesablarındakı 55 milyon avro Mbappəyə olan borc səbəbindən dondurulmuşdu.

PSJ bazar ertəsi məhkəməyə müraciət edərək hesablarındakı məbləğin dondurulmasının ləğvini tələb edib. Məhkəmə iclasında klubun hüquqşünasları bildiriblər ki, Mbappe klubun ona borclu olduğunu açıq şəkildə sübut edə bilməyib.

Bundan əlavə, PSJ tərəfi məhkəmədə iddia edib ki, Mbappe özü kluba 98 milyon avro borcludur. Klub bu borcun forvardın prosesləri uzatması və bunun nəticəsində PSJ-yə ziyan vurması səbəbilə yarandığını düşünür.

PSJ-nin vəkili Reno Semerjian bildirib: “Məqsədimiz 98 milyon avronu geri almaq deyil, göstərməkdir ki, əgər o, bizə borcludursa, onun bizdən tələbi əsassızdır.”

Məhkəmə prosesi 26 mayda davam edəcək.

Xəbər xətti