Samir Abasov: "Ciddi addımlar atmalıyıq"

21:53 - 10 May 2025

"Neftçi" Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Heç bir hədəfi olmayan komandanı oyunlara kökləmək çətin deyil?

- Əlbəttə çox çətindir. Həm də itkilərimiz ola-ola. Amma çətinliklər çox rastımıza çıxıb. İstəmirəm ki, kimdəsə bizimlə oyuna çıxanda rahatlıq oldun. "Neftçi"nin adı hər şeydən üstündür.

- Növbəti mövsümlə bağlı azarkeşlərə hansı vədlər verə bilərsiniz?

- Planlar cızırıq. "Neftçi" azarkeşlərinə söz deməyə ehtiyac yoxdur. Onlara o qədər vədlər verilib ki. Oyunumuzla hər şeyi göstərməliyik.

- Əgər mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi təyin olunsaydız, sizcə, vəziyyət fərqli ola bilərdi?

- Bəlkə bundan da pis olardı. Keçmiş keçmişdə qaldı. Yaxşı gələcəyə doğru getməyə çalışacağıq.

- Bu gün meydana 3 hücumçu buraxmışdız. Onların oyunu haqqında nə deyə bilərsiniz?

- Məcburiyyətdən deyildi. Hündürboylu oyunçuları meydanda saxlamaq istəyirdik. Rəqibin oyun üslubu hamıya bəllidir. Hücumçularımız çox yaxşı oynadılar. Rəqibin müdafiəsinə təzyiq göstərdilər.

- Aleks sanki komandaya uyğunlaşa bilmir. Bunun səbəbi nədir?

- Biz gətirdiyimiz oyunçudan dərhal nəsə istəyirik. Aleks bizə çətin vaxtda qoşulub. Onun kimi futbolçulara səbrlə yanaşmalıyıq. Keyfiyyəti, ustalığı bəllidir. Məncə, düzələcək.

- Belə iddialar var ki, "Neftçi"də yeni mövsüm üçün seleksiya üzrə məşqçilər qrupu yaradılacaq. Bu, sizin işinizi nə dərəcədə asanlaşdıracaq?

- Çox asanlaşdıracaq. Ciddi addımlar atmalıyıq. Bunun üzərində işləyirik. Sağ olsun klub rəhbərliyi, şəraiti yaradır.

Elçin Əlixan

Xəbər xətti