"Qarabağ" ÇL-dəki rəqibi haqda məlumat paylaşdı

10:22 - 2 Avqust 2025

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmilçisi rəqibi haqda məlumat paylaşıb:

"Tetovo şəhərini təmsil edən komandanın əsası 1979-cu ildə qoyulub. Bir müddət sonra fəaliyyətini dayandıran klub 1992-ci ildə bərpa edilib. Ölkə çempionatlarında çıxışına aşağı liqalardan başlayan “Şkendiya” addım-addım irəliləyərək 2010/11 mövsümündə tarixinin ilk zəfərinə imza atıb. Həmin vaxt ilk çempionluğunu bayram edən tetovolular 2017/18, 2018/19, 2020/21 və 2024/25 mövsümlərində də qızıl medala sahib çıxıb. Beşqat ölkə çempionunun hesabında 4 gümüş mükafat da var.

2016-cı və 2018-ci illərdə ölkə kubokuna sahib çıxan “Şkendiya” üç dəfə finalda məğlub olub. 2011-ci ildə isə klub tarixinin yeganə Superkubokuna sahib çıxıb.

Avrokuboklarda 2011-ci ildə debüt edən klubun ən böyük uğuru pley-off mərhələsində iştirakdır. “Şkendiya” 2016/17, 2017/18 və 2018/19 mövsümlərində Avropa Liqasının qrup mərhələsinin bir addımlığında dayanıb. Cari mövsümdə isə “Şkendiya” tarixində ilk dəfə avrokuboklardan birinin əsas mərhələsinə vəsiqəni təmin edib.

Öncə Uels təmsilçisi TNS-i (0:0, 2:1, əlavə vaxtda), ardınca Rumıniya FKSB-sini (1:0, 2:1) məğlub edən şimali makedoniyalılar Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. 2008-09-cu illərdə komandamızda oynayan Zəkəriyə Ramazani 16 il əvvəl klubumuzdan “Şkendiya”ya keçib. 2011-12-ci illərdə Ağdam klubunda çıxış etmiş Nderim Nedzipi də “Şkendiya”ya “Qarabağ”dan yollanıb".

Xatırladaq ki, Azərbaycan çempionunun şimali makedoniyalılarla ilk oyunu avqustun 5-də səfərdə olacaq.

Xəbər xətti