"Sabah"ın futbolçusu: "Konfrans Liqasının əsas mərhələsinə qədər irəliləmək potensialımız var" - MÜSAHİBƏ

13:22 - 2 Avqust 2025

"Sabah"ın yarımmüdafiəçisi Abdulla Xaybullayev Sportal.az saytına müsahibə verib.

- Kişinyovda “Petrokub”a 2:0 qalib gəldikdən sonra yəqin ki, növbəti mərhələyə vəsiqə qazanacağınıza inamınız daha böyük idi?

- Əlbəttə ki, növbəti mərhələyə vəsiqə qazanacağımıza çox inanırdıq. “Petrokub”u Bakıda məğlub edəcəyimizə inamımız yüksək idi. İlk dəqiqədən sona qədər mübarizə apardıq. Sonda da qalib gəldik.

- “Petrokub”u evdə 4:1 məğlub etdiniz. Ötən mövsüm Konfrans Liqasında əsas mərhələyə qədər irəliləyən “Petrokub”a qarşı çətinlik çəkməməyinizin səbəbi nə idi?

Hesab bizi aldatmamalıdır. Avrokuboklarda asan rəqib olmur. Hər iki görüş də asan deyildi. Hesabın böyük olması isə qoleadorumuz Coy-Lens Mikels və Pavol Şafranko sayəsində reallaşdı.

- Növbəti mərhələdəki rəqibiniz “Levski”(Sofiya) klubudur. Onlar az qalsın, “Braqa”nı keçəcəkdilər, amma sonda uduzdular və sizə rəqib oldular. Sizin üçün “Levski” daha uyğundur?

Rəqibimiz “Levski”dir. Yaxşı hazırlaşacağıq və oynayacağıq. Əgər “Levski” “Braqa”ya qarşı elə mübarizə aparıb, az qala mərhələni keçirmişsə, demək ki, bizim üçün də uyğun rahat olmayan rəqibdir.

- “Levski” haqda məlumatın var?Onların müsbət və ya mənfi tərəfləri haqda nə deyə bilərsən?

- Məşqçilər korpusu rəqib barədə istənilən məlumatı bizə verəcək. Amma hələ ki “Levski” haqda məlumatımız yoxdur. Qarşıdakı günlərdə məşqçilər tərəfindən lazımı tapşırıqları alacağıq.

- Komandaların ilk görüşü Sofiyada baş tutacaq. Bunun sizin üçün mənfi hal olduğunu düşünürsüz?

- Bu haqda çox danışmağa ehtiyac yoxdur. Sadəcə onu deyə bilərəm ki, ən yaxşısı cavab görüşünü evdə oynamaqdır. Yoxsa, hər iki matçda da ən yaxşısına çalışacağıq.

- “Sabah”ın Konfrans Liqasında əsas mərhələyə qədər irəliləmək potensialı var?

- Əlbəttə ki, potensialımız var. Niyə də olmasın? Biz addım-addım irəliləmək istəyirik. Hər görüşdə mübarizə aparacağıq.

Mirbağırağa

Xəbər xətti