"Neftçi" beynəlxalq turnirin qalibi oldu

19:03 - 28 Avqust 2025

“Neftçi” 12 yaşadək futbolçular arasında keçirilən II “Ulduz Cup” beynəlxalq turnirinin qalibi olub.

Sportal.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən yarışın final matçında "ağ-qaralar" Özbəkistanın “Paxtakor” klubunu oyunsonrası penaltilərdə məğlub edərək kuboka sahib çıxıb – 1:1; 5:4 – pen.

Kubok və qızıl medalları mükafatçılara Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və “Ulduz” FA-nın direktoru Mehman Əlimov təqdim ediblər.

Qeyd edək ki, 7 ölkədən 12 komandanın qatıldığı turnirin qrup oyunlarında “Sabah” (0:0), Qazaxıstanın “Şaxtyor Qaraqanda” (1:1) və Özbəkistanın “Paxtakor” (1:0) klubları ilə qarşılaşan “Neftçi” 1/4 finalda Özbəkistan “Bunyodkor”unu (1:0), yarımfinalda isə Tbilisi “Dinamo”sunu (0:0; 5:4 – pen.) məğlub etmişdi.

Xəbər xətti