Biabırçı məğlubiyyətə sürüklənən U-21 - Çexiyadakı darmadağının "memarı" AFFA rəhbərliyidir

15:41 - 11 Oktyabr 2025

Rəşad Eyyubovun U-21 yığmasına təyinatı gerçəkləşməzdən əvvəl bu barədə fikirlərimizi yazmışdıq. Baş katib Cahangir Fərəcullayevin, icraçı vitse-prezident Sərxan Hacıyev və futbolumuzu düşünən İcraiyyə Komitəsi üzvlərinin buna qarşı çıxmalı olduğunu demişdik. 

Görünür, əmr elə yerdən gəlib ki, heç kim həmin adamın sözünün qabağına söz qoya bilməyib. Fərəcullayevin də, AFFA rəhbərliyində yer alan digər şəxslərin də futbolumuza xidmət eləməsi mümkünsüzdür. Çünki onların hamısı tutduğu vəzifənin əsiridilər. İstəsələr də, istəməsələr də, "dəvədən böyük fillə" hesablaşmaq məcburiyyətindədilər. 

Deyilənə görə, baş katib Eyyubovun təyinatına qarşı çıxıb, amma onu eşidən olmayıb. Sistem belə işləyir. Ya tapşırıqlara boyun əyməlisən, ya da işləməməlisən... 

Rəşad Eyyubovun özünə gəlincə, banal səslənəcək, amma "utanmasan, oynamağa nə var ki"... Deyir, Renduliçin, Santuşun yanında köməkçi olub, U-21 millisində çağırışa hazırdır. Elçin Rəhmanov köməkçi kimi "Qarabağ"da nəhəng təcrübə keçib, heç o belə iddialı danışmır ki, haradasa baş məşqçi işləməyə hazıram. 

Çexiyada 5 cavabsız qollu məğlubiyyətin birbaşa günahkarı AFFA rəhbərliyidir. Onların heç bir təcrübəsi və müvafiq məşqçilik kateqoriyası olmayan birini gətirib millimizə baş məşqçi təyin etməsi U-21-i biabırçı məğlubiyyətə sürükləmək demək idi. 

Bu, sizin "əl işinizdir", AFFA rəhbərliyi. Baxın, "qürurlanın"!

Həmid

Xəbər xətti